Son illər Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu janrda fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim onları qınayır. Çoxları yeni nəsil komediyaçıları süniliklə, bayağı mövzular seçməkdə günahlandırır və əvvəlki komediya ustalarının daha peşəkar olduqlarını bildirirlər.
Xalq artisti Səidə Quliyeva bu mövzuda Yenisabah.az-a danışıb.
O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib:
“Bu gün çəkilən komediyalar acınacaqlı vəziyyətdədir. Elə bilirlər ki, komediya nalayiq sözlərdən, bir-birinə təpik vurmaqdan ibarətdir. Hansı televiziya, yaxud “YouTube” kanalını açırsan, eyni aktyorları görürsən. Bu serialdan o seriala, o serialdan bu seriala keçirlər.
Hərdən çaşırsan ki, eyni adamı nə qədər görmək olar? Zövqsüzdürlər. Bu serialda dediyini o birində də deyir, orada dediyini sosial şəbəkədə də deyir. Rol müxtəlifliyi yoxdur, xarakter yaratmırlar. Əgər bu adam özünü aktyor hesab edirsə, həqiqətənmi kənardan heç özünə baxmır? Görmür ki, bütün rolları bir-birinə oxşayır? Elə bir obraza girib, 20 il onun ətrafında fırlanırlar. Xarakter yaratmağı bacarın, bizdən öyrənin, niyə öyrənmirsiniz? Biz öyrənə-öyrənə gəlmişik. Estafeti bizə veriblər, biz kimə verəcəyik?!”
Aktrisanın sözlərinə görə, bu gün istedadlı gənclər olsa da, onlara şərait yaradılmır:
“Yaxşı aktyorlar, estafeti ötürməyə gənclər var, demirəm ki, heç yoxdur, amma onlara şərait yaradılmır. Onsuz da bu, müvəqqətidir, bütün zövqsüz aktyorlar gedəcəklər, amma gəldi-gedər olsalar da, arada illər itib gedir. Zövqü korlanan insanlar elə bilirlər ki, elə bütün aktyorlar belədirlər. Belə də olmalıdır. İnanın mənə, bu gün kinoteatrların qabağında dayanıb komediya filmindən çıxan insanlar arasında sorğu keçirsəniz, onlar nəyə baxdıqlarını heç özləri də bilməyəcəklər. Əgər onlar film haqda iki cümlə quraşdırıb deyə bilsələr, mənə nə istəyirsiniz, deyin. Bu, insanları narahat etmirmi?”
www.RIA24.az