Kulis.az estrada musiqilərinin misilsiz ifaçısı, ötən gün 62 yaşında ABŞ-da dünyasını dəyişən müğənni Firəngiz Rəhimbəyova haqqında maraqlı faktlar əldə edib.
Oxu.Az həmin araşdırmanı təqdim edir:
Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olan Firəngizin uşaqlıqdan incəsənətə həvəsi olub.
Firəngizin anası Raisa xanım çox erkən yaşda dünyasını dəyişib. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurub. Sona xanım Elmlər Akademiyasının işçisi olub. Firəngizi, demək olar ki, həmin qadın böyüdüb, boya başa çatdırıb, ali təhsil alması üçün dəstək olub, toyunu edib.
80-ci illərin sonunda Firəngiz Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” kimi bir-birindən gözəl, yaddaqalan mahnılar ifa edib.
Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Seda rolu gətirib. Bu obrazdan sonra azərbaycanlı tamaşaçılar onu daha da çox sevib.
Birinci ailə həyatı uğurlu olmayan müğənni müstəqillik dövrünün ilk illərində ABŞ-a səfər edib. Vətənə qayıdandan sonra o, qəfildən həmişəlik ABŞ-a köçmək qərarı verib. Azərbaycanı tərk edərək Los-Anceles şəhərinə yerləşən Firəngiz 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.
Uzun illədir ABŞ-da yaşayan azərbaycanlı aktrisa və müğənni özü haqqında müsahibələrinin birində belə deyib:
“Mən təsadüfən ABŞ-da deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Qohumlarım öz ailələri ilə uzun müddətdir ABŞ-da yaşayırlar. Bura köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır. Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi – gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır. Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm… Bakıda doğmalarım, demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var. Bakıya gəlməyi planlaşdırıram”.
Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü 2” filmində yenidən Seda roluna çəkilib.
Aktrisa ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı “Qırmızı planet” fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi “Rollerboll” filminə dəvət edilib.
Aktrisanın analığı 87 yaşlı Sona Rəhimbəyova isə uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır. O, müsahibələrinin birində ora düşməsi ilə bağlı məsələyə belə aydınlıq gətirib:
“Heç zaman yolumun buradan düşəcəyini, həyatımın belə olacağını düşünməmişdim. Yeganə övladım olan qızım Sevda həyat yoldaşı ilə birgə İsrailə köçmək məcburiyyətində qaldı. Kürəkənimin qohumları yaşamaq üçün onları İsrailə dəvət etdilər. Buna görə hətta evimizi də satmalı olduq. O zaman kürəkənim dedi ki, gəl sən də bizimlə get, gözüm üstə yerin var. Hətta İsrailə getmək üçün bütün sənədlərimi düzəltmişdilər. Amma mən ora getməkdən imtina etdim. Çünki orada 50-60 dərəcə isti olur. Kirayə qalmaq üçün tək yaşayan qonşu qadının evinə sığındım. O, məni çox incidirdi, aldığım pensiya ilə məni saxlayırdı. Hətta qızımın göndərdiyi pulları da mənimsəyirdi. Firəngiz mənim ikinci həyat yoldaşımın övladıdır. Ona və qardaşına da mən baxmışam. Onun toyunu mən etmişəm. Onun üçün darıxıram”.
Müğənni əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənniliklə və xırda bizneslə məşğul olurdu. Onun Raçel adlı bir qızı, iki nəvəsi var.
Aktrisa “Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olarsınız?” sualına isə belə cavab verir:
“Bu, mənim üçün ağrılı sualdır… Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm”.
Müğənni dünən ABŞ-da ürəktutmasından vəfat edib.
www.RIA24.az