41 yaşına qədər hoteldə yaşadı, xanım nazir ona aşiq oldu – Son mənzilə çiçək dənizində gedən dahi + FOTO

Mədəniyyət

Bu gün Azərbaycan ifaçılıq sənətinin ən məşhur ulduzu Müslüm Maqomayevin doğum günüdür.

Kulis.az əfsanəvi müğənni haqda on maraqlı fakt əldə edib.

Oxu.Az həmin araşdırmanı təqdim edir:

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

İkinci Dünya müharibəsinin bitməsinə üç gün qalmış Müslüm atasını itirir. Ata oğluna göndərdiyi son məktubunda yazırdı:

“Bu gün mənim oğlumun ad günüdür. Ona nə arzulaya bilərəm? Əlbəttə, xoşbəxt və sevincli günlər diləyirəm. Qoy bilsin ki, atası onu sevir və son nəfəsinədək sevəcək”.

Atasının ölümündən sonra Müslüm Bakıda rəhbər vəzifələrdən birini tutan əmisi Camalın himayəsində yaşamağa başlayır. Müslüm ömrünün sonuna qədər əmisini hörmət və ehtiramla yad edir, onun xatirəsini əziz tutur.

O, atasız keçən uşaqlığını xatırlayanda deyirdi:

“Müharibə illərindən sonra anamın həyatı çətinləşdi və o, yenidən ailə qurdu. Mən onu heç nədə günahlandıra bilmərəm”.

Xatırladaq ki, onun anası aktrisa Ayşət Maqomayeva-Əhmədovadır. Müslümün babası aktrisa Hökümə Qurbanovanın anası Malikat xanımın doğmaca qardaşı olub.

Müslüm Bakı Musiqi məktəbində təhsil alarkən Ofeliya adlı qızı sevir və onunla evlənmək istəyir. Lakin nənəsi bu evliliyə qarşı çıxır və Müslümün pasportunu gizlədir. Müğənni başa düşür ki, pasportunu nənəsi gizləyib. Sonradan pasportu tapan Müslüm sevdiyi qızla evlənir. Bu evlilikdən onların bir qızı doğulur. Müslüm qızına Marina adını qoyur. Bu adı təsadüfən seçməmişdi. Müslüm özü etiraf edirdi ki, ilk sevgisi beş yaşında bağça yoldaşı Marina olub. Hətta sonralar yazdığı “Marina, Marina” mahnısını məhz uşaqlıq illərindən yalnız gözəl xatirələri qalan o qıza həsr edib. 1970-ci illərdə bu kompozisiya hitə çevrilibmiş.

Ailə qurduqdan sonra xanımı həmişə Müslümün evdə olmasını istəyərdi. Həmçinin qohumların da ona qarşı təzyiqi olurdu. Qastrollar başlamışdı. Gənc sənətçi müxtəlif şəhərlərə gedir və o günləri belə xatırlayırdı:

“Mənə ansamblda o zaman üçün yaxşı pul ödənilirdi. Qastrolların çoxluğu məni ev qayğılarından uzaqlaşdırmışdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, xarakterim əxlaqlı evdar kişi rolunu oynamağa imkan vermirdi”.

Bir gün Ofeliya ilə ayrılıq vaxtı yetişir və onlar ayrılırlar.

Bir dəfə isə Müslüm SSRİ Xalq artisti Edita Pyexaya eşq elan edir. Xanım müğənni isə bunu zarafat kimi qəbul edib gülür. Müslüm Editadan sonra da evli qadına vurulur. Bu qadın opera müğənnisi Tamara Sinyavskaya idi. Sənətkar inanırdı ki, bu sevgi ona uğur gətirəcək. Sona qədər Tamaranın sevgisini qazanmaq üçün çalışır və istəyinə çatır. Tamara ərindən boşanır və Müslümlə ailə qurur. Onların toyunu Heydər Əliyev edir. Tamara xanım sonralar bu haqda belə danışırdı:

“Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində “gəlin” adına layiq görüldüm. Müslüm mənə deyirdi: “Tamara, sən bütün Azərbaycanın gəlinisən”.

Sovet qadınları, qızları onun fotolarından divar kağızları düzəldirdilər. O, stadionlara helikopterlə enirdi. Onun avtomobilini qadınlar qaldırıb çiyinlərində daşıyırdılar. Ona hamı vurğun idi, onu hamı dəlicəsinə sevirdi, onun populyarlığına nəinki yüksəlmək mümkün deyildi, hətta Alla Puqaçova demişkən, “Müslümə yaxın olmaq, ona toxunmaq üçün” adamlar vokal sənətini seçirdilər ki, bəlkə, haradasa, kulisdə onu gördülər, toxundular.

Müslüm Maqomayevin yetişdiyi zirvəni təsəvvür etmək üçün Andropovla Brejnevin konsertlərə sırf ona qulaq asmaq üçün getdiklərini bilmək yetərlidir. Baş katiblər, imperiyanın külli-ixtiyar sahibləri ona tamaşa edəndə nəfəslərini tutur, “Malaya zemlya” mahnısını dinləyəndə isə hıçqıraraq ağlayırdılar. Seks-simvol Maqomayev SSRİ mədəniyyət naziri xanım Furtsevanın da başını xarab eləmişdi. Furtseva onu La Skalaya, təcrübə keçməyə göndərməkdən tutmuş, bütün “yağlı” səfər və konsertlərə adını yazdırmağa qədər Müslüm üçün mümkün olan və olmayan hər şeyi edirdi. Hətta Şostakoviçin özü də Maqomayevlə əməkdaşlıq etmək, hansısa əsərindəki partiyanı ona oxutdurmaq arzusunda idi, amma Müslümün tənbəlliyi səbəbindən və ümumiyyətlə, operaya artıq maraq duymadığından bu əməkdaşlıq alınmamışdı.

Müslümün kinorejissor Eldar Qliyevlə dostluğu isə maraqlı bir cizgi ilə yadda qalıb. Müslüm onun ad günündə dünyanın harasında olur-olsun, Bakıya gəlirmiş.

Maqomayev yalnız 41 yaşında ev aldı. Buna qədər o, arvadı ilə “Rusiya” mehmanxanasının lüks nömrəsində yaşayırdı. Ailə mübahisələrindən birində Tamara başqa nömrəyə köçür. Maqomayev isə pəncərəyə dırmaşıb hündürlükdən Tamaranın pəncərəsinə yaxınlaşıb deyir: “Ku-ku!” Tamara xanım qorxudan az qala özündən gedir. Konflikt həmən unudulur.

66 yaşlı əfsanəvi Maqomayev 2008-ci il oktyabrın 25-də ürək tutmasından vəfat edir və o, Bakıda I Fəxri xiyabanda dəfn edilir. “Azərbaycan” mahnısının sədaları altında keçirilən vida mərasimində pərəstişkarları Filarmoniyadan İstiqlaliyyət küçəsi boyunca çiçək dənizi yaratmışdılar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir