Teatr özü-özlüyündə elə bir möcüzəvi sənətdir ki, onu nə qədər öyrənsən də, mifin, əfsanənin nədə olduğunu tam aydınlaşdıra bilmirsən.
“Kaspi” qəzetinin əməkdaşı bu möcüzəli sənətlə bağlı reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik:
Teatr yaşadır – aktyoru bir cür, tamaşaçını bir cür. Tamaşa vaxtı bu vəhdət yaranıbsa, tamaşa alınıb, yaranmayıbsa… Məncə, bu vəhdət daha çox pantomim teatrında üst səviyyəyə çıxır. Çünki aktyor sözsüz, baxışı, davranışı, mimikası və daha çox da gözləri ilə tamaşaçını ələ almalı, diqqət mərkəzində dayana bilməlidir. Həmişə ağlımda pantomimlə bağlı suallarım olub. Bu gün bu suallara Azərbaycan Dövlət Pantomim Teatrının aktyoru və direktoru Elman Rəfiyevlə söhbətdə cavab tapmaq istəyirəm.
A-a-a, pantomim!..
“Pantomim hər hansı bir fikrin mimika, jest, bədən dili ilə deyilməsidir” deyir Elman bəy: “Yəni pantomim hərəkət üzərində qurulub. Uşaqlıqdan nadinc olmuşam. Məktəbdə nə baş verirdisə, bilirdilər ki, Elmandan gəlir. Bütün bu hərəkətləri özündə cəmləyən bir teatr janrı lazım idi mənə. Uşaq vaxtı da oynayırdım, təqlid edirdim. Məni alqışlayırdılar. Diqqət mərkəzində olmağı sevirdim. Dedim, bu, nə gözəldir. Seçilmiş olmaq xoşuma gəldi. Bu sənəti seçdim ki, küçədə məni tanısınlar. Bu sənətə tanınmaq, ad-san qazanmaq, şöhrət üçün gəlmişəm və bunu əldə etmişəm. Universitetə daxil olanda dərsə marağımız olmadığından, Xalq artisti Bəxtiyar Xanızadənin qrupumuzu görməyə gözü yox idi. Düz 6 aydan sonra bizi sevdi və yaradacağı teatrı bizimlə qurmaq istədi. Biləndə ki, bu, pantomim teatrıdır, sevindim. Dedim ki, bu, mənim teatrımdır. Pantomimin əsas fərqi və üstünlüyü ondadır ki, burda dil sərhədi yoxdur. Jest, mimika, hərəkətlər üzərində qurulan teatrdır. Bunu əldə etmək çətindir. İllərin məşqi, zəhməti, həm də, əlbəttə ki, istedad lazımdır. Bu illər boyu ancaq qazanmışam. Küçədə getdiyim zaman lap adımı belə bilməsələr də, “a-a-a pantomim” deyirlərsə, xoşbəxtəm. Yəni simam pantomimi təmsil edirsə, böyük uğurdur”.
Uşaqların göz səviyyəsinə uyğun
Aktyor deyir ki, Pantomim Teatrının aktyoru olmaq qədər tamaşaçısı olmaq da çətindir:
“Digər teatrlarda, tamaşalarda bir anlıq o yan-bu yana baxsan da, sözü eşidəcəksən. Amma pantomimdə belə deyil. Bir anlıq gözünü çəksən, hərəkəti görməyəcəksən. Və hansısa mənanı itirəcəksən. Ona görə bizim tamaşalarımız 45 dəqiqə – 1 saat olur. Çünki tamaşaçı bu müddət ərzində daim gözünü zilləyib səhnəyə baxmalıdır. Biz uşaqlar üçün də tamaşa hazırlayırıq. Uşaqların öz dünyası var. Gərək onlarla onların öz göz səviyyəsində danışasan. Yəni əgər yuxarıdan getməyə çalışsan, sanki özünü onlardan üstün tutmuş kimi olacaqsan. 51 yaşlı Elman onlarla eyni yaşda olur. Düzdür, uşaqlarla çətindir, amma çox maraqlıdır. Nəvəm doğulandan hər anını izləyir, öyrənirdim. Necə böyüyür, necə dəyişir, necə inkişaf edir. Pantomim elə bir sənətdir ki, daim insanları müşahidə etməlisən. İctimai nəqliyyatdan istifadə edirəm. Fərqli insanların fərqli mimikalarını yığıram, bunların hamısı mənə lazımdır”.
Dekonstruksiyanı qəbul etmirəm
“Pantomim teatrında pyes yoxdur, pyes yazan da yoxdur, ancaq Bəxtiyar Xanızadə və yetişdirdiyi uşaqlar yazırlar” deyir Elmar bəy: “Ə.Haqverdiyevin “Kimdir müqəssir?” əsərinə müraciət etmişdik. Burada söz və pantomim bir yerdə idi. Bəxtiyar müəllim onu elə tərzdə qoymuşdu ki, hamı qəbul etdi. Sonra “Hamlet”i səhnələşdirdi. Hamı gözləyirdi ki, həmin dövrə uyğun geyimlərdə olacaq. Amma səhnədə hamı qara şalvar və qara köynəkdə idi. Sanki adi adamlar idik, “Hamlet”i oynamağa çıxmışdıq. Bu yaxınlarda H.Cavidin “İblis”ini, Qoqolun “Şinel”ini səhnələşdirdik. Amma klassik əsərlər üzərində filmlərin müasir formada çəkilməyini istəmirəm. Bəlkə də, dünya bunu tələb edir. Məsələn, “Romeo və Cülyetta”nı müasir formada çəkmişdilər, bəyənmədim. Mən bunu qəbul etmirəm”.
Teatrda tamaşaçı çatmır
Aktyorun fikrincə, bir az əvvəl yaşanan durğunluq dövrünü sanki indi adlamışıq və insanlar “Mall”lardan teatra gəlməyə başlayıblar: “Bu gün teatrda tamaşaçı çatmır. 21-ci əsr, android, “Mall”, yemək, əylənmək dövrüdür. Hamı buna axışır. Dəfələrlə olub ki, valideyn uşağını gətirib qoyub burada, tamaşanın bitmə vaxtını soruşub ki, özü gedib “Mall”da otursun. Amma valideyn uşaqla birgə tamaşada oturmalıdır. Teatr mədəniyyəti, tərbiyəsi oradan başlayır. Uşaq gördüyünü təkrarlayır axı”.
Kinomuz yeriməyi öyrənən uşaqdır
Film sektorumuzun Türkiyə ilə müqayisə edilməsindən narazı olan Elman bəy misal çəkir: “Təsəvvür edin, ilk addımlarını atan uşaq yıxılır, biz də başından vurub, danlayır, başqasını misal çəkirik ki, bax, necə yaxşı qaçır. Amma o qaçanın 20 yaşı var, bunu nəzərə almırıq. Əslində, yıxılanı qaldırmalı, əlindən tutub böyüməsinə dəstək olmalıyıq. Bizim kinomuz yeriməyi öyrənən uşaqdır. Əslində, onların 30 ilə keçdiyini biz 10 ilə keçdik. Bu gün uşaq filmləri də çəkilmir. Bu da problemdir. İstərdim ki, bu sahə də işləsin. Amma gəlin indi teatra baxaq. Mən ürəklə deyə bilərəm ki, Azərbaycan teatrı Türkiyə teatrından daha çox inkişaf edib”.
Sevgi vətəndir
Oyun oynamağı heç sevməyən aktyor buna vaxt itkisi kimi baxır: “Boş vaxtım olan kimi şeir səsləndirirəm. Hə, bir də ki, mən köhnə kişilərdənəm. Yazını saytdan yox, qəzetdən, əsəri internetdən yox, kitabdan oxumağı sevirəm. Hansı sənətdə olursan ol, sənətini sev. Həyatda ancaq sevgidən qazanacaqsan. İnsan birinci özünü sevməlidir. Əgər özünü sevir, hörmət edirsənsə, başqaları da səni sevir, sən də başqalarını sevə bilirsən. Mən ən çox özümü sevirəm. Amma mənim üçün hər şeydən öncə sevgi vətəndir, bayraqdır, dildir”.
www.RIA24.az