“Hazırda atamın vəziyyəti orta-ağır qalmaqda davam edir. Onun əsas problemi isə beyninə oksigenin getməməsidir”.
Bizim.media xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən xanım deyib.
O, koronavirusa yoluxan atasının 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicəsini davam etdirdiyini bildirib.
“Ötən gün atamda koronavirusun olub-olmadığını yoxlamaq üçün burnundan yaxma götürdülər. Testin nəticəsi isə müsbət oldu. Amma KT müayinəsi atamın ciyərlərinin təmiz olduğunu göstərdi. Atamın müalicə alındığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Samirə Əhmədova və digər tibb işçiləri atamın sağalması üçün əllərindən gələni əsirgəmirlər.
Atamın koronavirusa qalib gəlməsi üçün ona müxtəlif antibiotiklər və sistemlər köçürülür. Bizə TƏBİB-dən bildiriblər ki, beş gün sonra əgər atamda koronavirus aşkarlanmasa, onu ölkənin ən yaxşı klinikasına köçürəcəklər və ən yüksək səviyyədə müayinələrdən keçirəcəklər, sağalması üçün bütün lazım olan müalicələri edəcəklər”.
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, xalq artisti Ənvər Həsənovun səhhəti ilk gündən Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, ailəsi və həkimləri ilə mütəmadi olaraq danışıqlar aparılır.
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
www.RIA24.az