Şəhərin mərkəzində Bakı camaatından daha çox turistlərin olduğu gözdən qaçmır. Turistlərin bir çoxları dahilərimizin abidələri önündə dayanır, maraqla baxır, şəkil çəkdirirlər. Dahinin kimliyi ilə bağlı məlumat lövhəsi olmadığını görüb yoldan keçənləri sorğu-sual edirlər. Yoldan keçənlərin də hamısı ingilis dilini bilmir axı. Və beləcə, sual yarandı: axı niyə bu heykəllərin yanında balaca bir məlumat lövhəsi yoxdur? Məsələn, İçərişəhərdə və digər yerlərdə tarixi binaların yanında balaca bir məlumat lövhəsi var. Bu, nəinki turistlər üçün, elə yerli camaat üçün də çox vacibdir. Ən azından gördüyün bina, kompleks haqda qısa informasiya ala bilirsən. Bundan başqa, bəzi heykəllərin üstündə ümumiyyətlə ad yoxdur, bəzilərində isə kiril əlifbası ilədir. Nəsiminin adı isə var, amma onu oxumaq üçün gərək heykəlin ətrafındakı baryerə çıxasan, heykəlin qarşısında kolların arxasında lap aşağıda daşın üstündə yazılan “Nəsimi” yazısını oxuyasan. Bu da bir ayrı dərddir. Qeyd edək ki, təkcə Əliağa Vahidin heykəlinin önündə iki dildə məlumat var. Amma onun da üstünü toz basıb. Nə edə bilərik, Bakı küləklər şəhəridir də.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə mövzu ilə bağlı qeyd etdi ki, bir çoxları bu məsələ ilə bağlı müraciət edib:
“Bir müddət öncə “Təmiz heykəl” layihəsini həyata keçirdik. Hər hansı bir işi həyata keçirmək üçün əvvəlcə layihə yazılmalı, müxtəlif instansiyalardan keçməli, təsdiq olunmalıdır. “Təmiz heykəl” layihəsini Bakı Abadlıq Xidməti ilə birlikdə etdik. Onlar heykəlləri yuyub-təmizlədilər. Amma düşünürəm ki, bu iş ildə bir-iki dəfə olmamalıdır. Bundan ötrü xüsusi briqada yaradılmalı və onlar ən azından bir gündən bir heykəlləri yumalıdırlar. Çünki heykəlləri quşlar batırır, toz-külək və s. təsir edir, tez çirklənir. Heykəltəraşlar adi su ilə yumağı məsləhət görür. Yəni bununla da bağlı işlər görülür. Bunun üçün böyük bir komandaya da ehtiyac yoxdur, vəsaitə də”.
Aqşin müəllim deyir ki, heykəllərin yanında məlumat yazısı ilə bağlı məsələ də diqqətimizdədir:
“Hamısı mərhələli şəkildə həyata keçiriləcək. Onların çoxu Sovet dönəmində qoyulan heykəllərdir. Bəzilərinin üstündə də yazı kiril əlifbası ilədir. Bilirsiniz, o yazı heykəlin bir hissəsidir və biz ona müdaxilə edə bilmərik. Onlar olduğu kimi qalacaq, yanında latın qrafikalı Azərbaycan əlifbası ilə həm adı, həm kimliyi, həm də haqqında qısa məlumat olan lövhələr olacaq. Gənc nəsil böyüyür və onlar dahilərimizin çoxunu tanımır. Bu, bizim təqsirimizdir. Onlar tanımaya bilər, onlara maraqlı olmaya bilər, amma heykəlin yanında məlumat lövhəsi olsa, gənclər də istər-istəməz maraqlanar, oxuyar, tanıyar. Yeni qoyulan heykəllərdə bu amil nəzərə alınıb. Məsələn, Hacı Zeynalabdin Tağıyevin heykəlinin qarşısında kiçik bir informasiya lövhəsi var. Elə Müslüm Maqomayevin heykəlində də bu məsələ həllini tapıb. Yenə deyirəm, yenilərdə artıq bu problem həll olunub, amma köhnə heykəllər də nəzərimizdədir və layihə hazırlamışıq. İctimaiyyət bununla bağlı çox müraciət edir. Bunlar mütləq qaydasına düşəcək”.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov da məsələ ilə bağlı fikirlərini bildirdi:
“Hər hansı bir heykəl, abidə varsa, mütləq yanında məlumat lövhəsi olmalıdır. Çünki bizim prioritetimiz turizm ölkəsinə çevrilməkdir. Günü-gündən də ölkəmizə gələn turistlərin sayı çoxalır. Bu sahədə inkişaf yolunu tutmuşuq və davam edirik. Ona görə də, hesab edirəm ki, bütün heykəl və abidələrin yanında məlumatverici lövhə qoyulmalıdır. Bu məlumat qısa, lakonik olmalıdır. Yəni turist oradan istədiyi məlumatı ala bilməlidir. Postsovet ölkələrində bu ənənə hələ ki yenicə formalaşır və yavaş-yavaş qaydasına düşür. Türkiyə, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdə belə problem yoxdur. Biz özümüz də turist kimi səfər edəndə həmin lövhələr vasitəsilə məlumatlanırıq. Düşünürəm ki, zamanla bizdə də bu məsələ həllini tapacaq”.
Rəhman bəy bir problemdən danışıb, başqa bir problem – yollardakı məlumat çatışmazlığı ilə bağlı da fikrini bildirdi:
“Yollarımızda da bu cür problemlər var. Görürsən ki, müəyyən informasiya var, amma tam istiqamətləndirmə yoxdur. Yəni sən istədiyin kəndi, qəsəbəni rahatlıqla tapa bilmirsən. Düşünürəm ki, elə bunlar da müəyyən vaxtdan sonra düzələcək. Nəinki abidələrin yanındakı məlumat lövhələri, həm də yollardakı məlumatlar da daha dolğun olacaq”.
Yazıçı Elçin Hüseynbəyli deyir ki, istənilən abidənin üstündə onun haqqında məlumat olmalıdır:
“O, həm turistlər üçün vacibdir, həm də yerli sakinlər üçün. Məsələn, hər hansı bir tarix və diyarşünaslıq muzeyinə gedirsən, adicə bir daş qoyublarsa, onun da haqqında yazılı məlumat verilir. Parkda ağac əkilirsə, o ağacın da məlumat lövhəsi olmalıdır. Düşünürəm ki, abidələrin yanında məlumat lövhələrinin yerləşdirilməsi qısa zamanda həll edilməlidir”.
www.RIA24.az