Yüz ildən çox muzeydə saxlanılan və kobud imitasiya hesab edilən eskizin, doğrudan da, Rembrandta məxsus olduğu aydınlaşıb.
Söhbət 1921-ci ildən Haaqadakı Bredius Muzeyində olan “Xaçın ucaldılması” (“The Raising of the Cross”) əsərindən gedir.
Eskiz 1640-cı illərə aiddir, uzun müddət onun müəllifinin holland rəssamın davamçılarından biri olduğuna inanılırdı. Yalnız xüsusi tədqiqatın köməyi ilə eskizin həqiqi müəllifini müəyyən etmək mümkün olub. Muzeyin ilk kuratoru Abraham Bredius onun əsl Rembrandt əsəri olduğuna əmin idi, lakin o vaxtdan bəri ekspertlər əsəri imitasiya kimi qəbul ediblər. Belə kobud çəkilişin böyük Rembrandtın fırçasına aid ola bilməyəcəyinə inanılırdı.
Təxminən bir il əvvəl mütəxəssislər Rembrandt haqqında kitab hazırlayarkən eskizə diqqət ediblər. Onlar belə qənaətə gəliblər ki, yağlı boya ilə hazırlanmış eskiz çox dəqiq və aydın olmamalı idi, Rembrandt sadəcə ümumi kompozisiyanı göstərmək istəyirdi, ona görə də kobud ştrixlər edib.
İnfraqırmızı və rentgen tədqiqatları göstərib ki, rəssam tablonun kompozisiyasının planlarını bir neçə dəfə dəyişib və elementlərin düzülüşündə dəyişiklik edib. Mütəxəssislər əmin olduqlarını bildiriblər ki, müəllif heç kimin əsərini köçürməyib. Onların sözlərinə görə, eskiz Münhendə saxlanılan Rembrandtın “Xaçın ucaldılması” əsərinə ithafdır.
Mənbə: The Guardian
www.RIA24.az