36 yaşına qədər xərçəngin 12 müxtəlif növünə (beşi bədxassəli) tutulan qadının vəziyyətini araşdırmağa başlayan həkimlər olduqca təəccüblü nəticəyə gəliblər. Məlum olub ki, dəfələrlə bu xəstəliyə tutulan qadının xərçəngə meylləndirən xüsusi vəziyyəti, eyni zamanda onu ölümdən qoruyur.
İspaniya Milli Xərçəng Araşdırma Mərkəzinin bu barədə tədqiqatı “Science Advances” jurnalında yayımlanıb.
Bildirilir ki, həyatı boyu müxtəlif şiş növlərilə mübarizə aparan adı açıqlanmayan qadının vəziyyəti həkimləri maraqlandırıb. Elm adamları onun xərçəngə bu qədər həssas olmasının səbəbini öyrənmək üçün bir az dərindən araşdırma aparmaq qərarına gəliblər.
Məlum olub ki, xəstənin xərçəngə daha çox meylli olmasına səbəb onun dünyada tayı-bərabəri olmayan genetik mutasiyasıdır. Bu mutasiya hüceyrələrin təkrarlanması disfunksiyasına səbəb olub və fərqli sayda xromosomlu hüceyrələr əmələ gətirir. Qadının qan hüceyrələrinin təxminən 30-40 faizində anormal sayda xromosom aşkarlanıb.
Ancaq həmçinin müəyyən olunub ki, genetik balanssızlığın səbəb olduğu xərçəngə meyllilik həm də qadının ölümdən qoruyur. Tədqiqatçılar xəstənin immun sisteminin daim SOS vəziyyətində olduğunu aşkar ediblər. Qadının immun sisteminin yüksək hazırlığı indiyədək əmələ gələn xərçəng hüceyrələrinin əksəriyyətini məhv edib.
“Xəstənin genetik qüsuru əslində onu qoruyub. İmmunitet sistemi sayəsində bütün bədxassəli şişlərdən xilas olub”, – deyə tədqiqat qrupunun üzvlərindən biokimyaçı Karolina Villarroya bildirib.
Sözügedən xəstədə 2014-cü ildən bəri heç bir şiş görünmədiyi, sağlam və normal bir həyat sürdüyü açıqlansa da, elm adamları bu kəşfin erkən xərçəng diaqnozunun yaxşılaşdırılmasına və yeni müalicə üsullarının inkişaf etdirilməsinə kömək edəcəyini bildirirlər.
Mənbə: A Haber
www.RIA24.az