Münasibətlər gərginləşdikdən sonra İranda güneyli soydaşlarımıza qarşı təqiblər artıb? – AÇIQLAMA + FOTO

Maraqlı

İranla Azərbaycan arasında münasibətlər gərgin olaraq qalır. Qafanda İran konsulluğunun açılması, bundan sonra Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü ildə Təbrizdə Baş Konsulluq açacağını elan etməsi İranın “müsəlman qardaşım” dediyi Azərbaycana qarşı heç də qardaş kimi davranmadığının bariz nümunəsidir. Son olaraq İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgninin İranın Ermənistana ixrac etdiyi qazın həcmini iki dəfə artıracağını elan etməsi cənub qonşumuzun Ermənistanla əməkdaşlıqda xeyli maraqlı olduğunu göstərir.

Bəs görəsən, Azərbaycanla münasibətlərin kəskinləşməsi İran hakimiyyətinin güneyli soydaşlarımıza münasibətinə necə təsir göstərir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycanlıların İnsan Haqlarının Müdafiəsi Təşkilatının idarə heyəti üzvü Şahin Xiyavi bildirib ki, Azərbaycan Respublikası müstəqil olduğu dövrdən indiyədək İran bu müstəqilliyi həzm edə bilməyib:

“İranın daxilində 40 milyona yaxın Azərbaycan türkü yaşayır, bu baxımdan müstəqil bir Azərbaycan dövlətinin olması onu narahat edir. Ona görə də İranla Azərbaycan arasında münasibətlər gərginləşir. İran müsəlman dövləti olduğunu elan etsə də, onun siyasəti, əməlləri göstərir ki, ötən illər ərzində daim Ermənistanın yanında olub, siyasətini o istiqamətdə aparıb.

Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra molla rejimi Azərbaycana qarşı düşmənçilik nümayiş etdirib, açıq şəkildə Ermənistanı himayə elədi. İran torpaqlarından Ermənistana silahlar daşınırdı. Bunun videosu da yayıldı. Amma sözdə İran Azərbaycanı dəstəkləyirdi, əməldə isə İran rəsmən Ermənistanın müharibədə qalib olmasını istəyirdi. 30 il torpaqlarımız işğal altında oldu, İran o ərazidə bir dəfə olsun hərbi təlim keçmədi, amma müharibədən sonra mütəmadi olaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı təzyiq göstərməyə çalışdı. Azərbaycana qarşı təbliğat apardı”.

Həmsöhbətimiz vurğulayıb ki, İran əhalisinin 40 milyonu azərbaycanlılardan ibarətdir, əgər hazırkı mövqeyini davam etdirərsə, vəziyyət İran üçün ağır olacaq:

“Tehran Azərbaycanın yanında durmaqla ölkədə yaşayan 40 milyon Azərbaycan türkünün də könlünü ələ ala bilərdi, amma bu yolu seçmədi. Düzü, Ermənistan bazarı İran üçün o qədər də böyük əhəmiyyətə malik deyil. Ermənistan əhalisi az olan bir ölkədir. Azərbaycan İran üçün daha qazanclı bir bazar ola bilərdi. Amma baxırıq ki, molla rejimi həm İranda yaşayan azərbaycanlıları cəzalandırmağı, həm də Azərbaycan dövlətinə qarşı çox çirkin addımlar atmağı seçir.

Bunun bir nümunəsi də Ermənistanın Qafanda konsulluğunun açılması, həmçinin Təbrizdə də buna hazırlaşmaları xəbəridir. Buna qərar verilsə, xüsusilə Azərbaycan türkləri tərəfindən ciddi etirazlarla qarşılaşacaq. Molla rejimi yaxşı bilir ki, bu iş bir nöqtədə partlayacaq və nəticələr onun özü üçün ağır olacaq. Xameneinin dini nümayəndələri hələ ki Ermənistan XİN-in Təbrizdə konsulluq açılacağına dair açıqlamasına münasibət bildirməyiblər. Bütün bunlara baxmayaraq, azərbaycanlılara qarşı hələ o qədər təqiblər olmaz, İran bu məsələdən çəkinir. Çünki hazırda ölkədə olan etirazlar işlərə təsir edir”.

Hüquq müdafiəçisi İrandaki soydaşlarımızın Azərbaycan mediasını çox diqqətlə izlədiklərindən də söz açıb:

“İranda fars millətçiliyini müdafiə edən bir axın vardı, onların dövləti Azərbaycana qarşı qaldırmaq kimi rolları vardı. Onların sosial mediada Azərbaycanın KİV-inin Güneylə bağlı yazılar yazdığını görməsi İran dövlətində ciddi narazılıq yaradıb. Çünki artıq Cənubi Azərbaycandan mənə gələn xəbərlər odur ki, insanlar Quzey mediasını böyük sevinclə izləyirlər. Bu bizim üçün çox xoşdur. İran-Azərbaycan gərginliyinin artması güneyliləri müstəqil Azərbaycana daha da yaxınlaşdırır”.

Sayad Həsənli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir