“Gələcəkdə Azərbaycanın bank sektorunda inkassasiya prosesi (pul daşınması xidməti) robotların iştirakı ilə həyata keçirilə bilər”.
Bunu İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Texnologiyaları: IV Sənaye İnqilabının Texnologiyaları və Bulud Həlləri” mövzusunda Bakıda keçirilən tədbirdə “Kapital Bank” ASC-nin Təhlil və koordinasiya şöbəsinin müdiri Turqut Abdullayev “Report”un sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, 20-30 il sonra bu proses robotlara çip yerləşdirməklə reallaşdırıla bilər:
“Bu, “chat” sistemində verilən avtomatik cavablar kimi olacaq. Yeni robot məlumatları insan kimi emal edə biləcək”.
Bundan başqa, bank rəsmisi deyib ki, bankomatların (ATM) nağd pula əlçatanlığını təmin etmək üçün süni intellektdən istifadə edilə bilər:
“Bankomatlarda çox pul saxlamaq riskdir. Çünki oğurluq hadisəsi baş verə bilər. Eyni zamanda, bankomatlarda nağd pulun lazımi qədər olmaması müştərilərin narazılığına səbəb ola bilər. Bu kimi çətinlikləri aradan qaldırmaq üçün biz süni intellekt və bulud texnologiyalarından istifadə edə bilərik”.
“Müştərilər problemli kartlarını bankomata salanda ATM-in ekranı dona və yaxud sönə bilər. Bu kimi hallarda süni intellekt sistemi problemi bir neçə dəqiqə ərzində aşkar edir və həll etməyə çalışır. Əgər həll edə bilməsə, bu zaman texniki şöbə həmin bankomata yaxınlaşır. Bulud əsaslı sistemlər bizə bankomatların balansını real vaxt rejimində izləməyə, texniki problemləri varsa, onu həll etməyə, inkassasiyanı təmin etməyə kömək edir”, – deyə o qeyd edib.
www.RIA24.az