Bakıda 9-cu sinif şagirdi cibində unutduğu telefonu təhvil verdiyi üçün imtahan zalından xaric olunub.
Oxu.Az xəbər verir ki, aprelin 16-da ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Belə ki, Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Nur Əhmədova üzərində unutduğu telefonu imtahan zalında nəzarətçiyə təhvil verib. Bu səbəbdən dərhal imtahan zalından xaric olunub. Telefon atasına məxsus olub, gödəkçənin cibində qalmasından xəbərsiz olub.
Dövlət İmtahan Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, birmənalı qaydadır:
“Nur Əhmədovanın valideyni də müraciət edib. Valideyninə də qaydalar izah olunub. Dəfələrlə xəbərdarlıq olunur ki, imtahan binasına qadağan olunmuş vasitələr, o cümlədən mobil telefon gətirmək olmaz. Bu, birmənalı qaydadır. Fərqi yoxdur nə vaxt aşkar olunub, imtahan iştirakçısı istifadə edib və ya etməyib.
Bəzən iştirakçı görür nəzarət güclüdür, istifadə edə bilməyəcək və çıxarıb özü təhvil verir. Üzərinizdə mobil telefon olduqda siz imtahandan xaric olunursunuz. Burada kiməsə güzəşt olunmur. İmtahanda hamı üçün bərabər imkanlar yaradılır. Kimsə əlavə vasitələrdən istifadə edib süni üstünlük əldə etməyə cəhd etməməlidir. İmtahan bir dəfə keçirilir”.
Qeyd edək ki, Nur Əhmədovanın üzərində unutduğu telefon NOKİA markasına məxsusdur. Məktəblinin 270 bal toplayacaq potensiala malik olduğu iddia edilir. Bu hadisə onun psixologiyasına mənfi təsir edib. Növbəti il yenidən imtahan verəcək.
Nəzrin Vahid
www.RIA24.az