Cəlilabad rayonunun Uzuntəpə kəndində səkkiz uşaq və bir ana çətin vəziyyətdə yaşayırlar.
Bu barədə Oxu.Az-a qonşu kənddə (Göytəpədə) yaşayan Nuridə Şəbiyeva məlumat verib.
Onun sözlərinə görə, ailə başçısı Xəyalə Ağayevanın imkansızlıqdan heç telefonu da yoxdur:
“Onlar çətin vəziyyətdə yaşayırlar. Yardım toplamağa çalışırıq. Hazırda qaynının köhnə evində müvəqqəti olaraq qalırlar. Ev də şəraitsizdir. Qaynıgil ev köhnə olduğu üçün qalmırlar. Qaynı da içki içəndir. Gecə gəlib deyir ki, “çıxın evdən”. Xəyalənin yoldaşı bir ilə yaxındır ki, ailəsini atıb, gedib. Usta işləyirdi. İş adı ilə ailəsini tərk edib və bir daha əlaqə saxlamayıb. Xəyalə yoldaşının harada olduğundan xəbərsizdir. Yoldaşı olan zaman da ata evinin yanında daxma tikib yaşayırmışlar. Bir gün ev uçub. Ev uçduğu üçün buraya sığınıblar”.
N.Şəbiyeva ailənin daimi gəlir yerinin olmadığını qeyd edib:
“Onların köməyə ehtiyacı var. Səkkiz uşaqdan beşi oğlan, üçü qızdır. Qızların 13, 17, 18; oğlanların 4, 6, 16, 18 yaşları var. Ən kiçik oğlan isə altıaylıqdır. Daimi gəlir yerləri yoxdur. Ən böyük oğlanları kafe-restoranlarda çalışırlar. Qohum, qonşu da nəyə gücü çatır, kömək edirlər.
Xəyalə Ağayevanın 38 yaşı var. O, çiyələk sahələrində fəhlə işləyirdi. Son vaxtlar səhhətində problem olduğu üçün işləyə bilmir”.
Nuridə Şəbiyeva kiçik uşaqların məktəbə getmədiklərini əlavə edib:
“Böyüklər bir müddət məktəbə gediblər. Lakin balacalar getmirlər. Oğlan biri məktəbə gedə bilməyib, imkanları çatmayıb. Digəri isə xəstə olduğu üçün gedə bilməyib”.
Cəlilabad Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ailə daim nəzarət altındadır:
“Xəyalə Ağayeva yardım üçün bizə müraciət edib. Ona maddi yardım göstərilib. Ailə nəzarətdə saxlanılır”.
Qonşuların köməyi ilə Oxu.Az-ın əməkdaşı yardıma ehtiyacı olan Xəyalə Ağayeva ilə əlaqə yarada bilib.
X.Ağayevanın sözlərinə görə, onlara heç bir yardım göstərilmir:
“Ürəyim xəstədir. Müalicə almışam. Ürəyimdə tromb var. Damar tıxanıb. Danışmaqda da çətinlik çəkirəm. İşləməyə də icazə yoxdur. Övladlarımdan dördü məktəbyaşlıdır, ikisinin də 18 yaşı var, məktəbyaşlı deyil. Digər ikisi də balacadır, onlar xəstədirlər.
Dəfələrlə icra hakimiyyətinə getmişəm. Məni qəbul etməyiblər. Sosial müavinət belə, almıram. Bayramda yardım edəcəklərini söylədilər. Bayramdan sonra zəng etdilər ki, “gəl, 50 manatı götür”. Yalandan yardım etdiklərini deyirlər. Lakin etmirlər. Qonşular sağ olsunlar, kömək edirlər. Çox çətin vəziyyətdəyik”.
X.Ağayevanın hazırda bütün ümidi yardımsevər insanlaradır. Qeyd edək ki, telefonları olmadığı üçün onun adına açılan bank kartının fotosu da qonşular tərəfindən lentə alınıb.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başladılıb:
“Məsələ nəzarətə götürülüb. Xanım ilə əlaqə saxlanılıb. Xəyalə Ağayeva həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. qeyri-qanuni həyat yoldaşı uşaqlara atalıq da verməyib. Ata Bakı şəhərində yaşayır. Bələdiyyəyə torpaq verilməsi üçün müraciət edib. İcra Hakimiyyəti müvafiq köməklik edib. Ailə nəzarətə götrülüb. Məsələ daim nəzarətdə saxlanılacaq”.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.RIA24.az