“Yay aylarında turizm sektorunda vəziyyət pandemiyadan öncəki illəri üstələyəcək” – ŞƏRH + FOTO

Maraqlı


Azərbaycana turist axını 23 faiz artıb. Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artaraq 493,1 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6%, Türkiyəyə gedənlərin sayı 5,5% artıb, İrana gedənlərin sayı isə 26,5% azalıb. Ölkə vətəndaşlarının 38,9%-i Türkiyəyə, 24,1%-i Rusiyaya, 9,4%-i Gürcüstana, 7,8%-i İrana, 19,8%-i digər ölkələrə səfər ediblər.

Hər il yay mövsümündə Azərbaycanda turizm sektorunda canlanma müşahidə olunur. 2020-ci ildə başlayan koronovirus pandemiyası səbəbindən bu sektorda zəifləmə olub. Daxili turizmdə daha çox artım müşahidə olunub. Artıq pandemiya səngiyib. Bu il daha çox turist axını olacağını düşünənlər var.

Bəs görəsən, artım pandemiyada aşağı düşən turizm sektoruna necə təsir edəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən turizm üzrə ekspert Cabir Dövlətzadənin sözlərinə görə, iyun ayından Azərbaycanda yüksək turizm sezonu başlayır:

“İyun ayından Azərbaycanda yüksək turizm sezonu başlayır, sentyabr ayına qədər davam edəcək. Kütləvi turizm axını bu müddət ərzində güclənir. Xüsusən də Səudiyyə Ərəbistanının yaxın vaxtlarda viza müddətini üç aya qədər uzatması oradan gələn turist axınına ciddi təsir göstərəcək. Çünki daha çox ailəvi turistlər Səudiyyə Ərəbistanından ölkəmizə gəlməkdədir. Siyasi münasibətlərin də yaxşılaşması turizm potensialının artmasına kömək edəcək”.

Ekspert qeyd edib ki, 2023-cü ilin yay aylarında turizm sektorundakı vəziyyət pandemiyadan öncəki illəri üstələyəcək:

“Türkiyə və Rusiyadan ölkəmizə son zamanlar artan turizm axınının iyun ayında dərslərin bitməsi ilə daha da artacağı gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Turizm Təşkilatı bildiriblər ki, “2023-cü ildə biz pandemiyadan öncəki dövrə düşəcəyik”. Belə olacağı gözlənilir. Düşünürəm ki, 2023-cü ilin yay aylarında biz pandemiyadan öncəki illəri hətta ötüb keçə bilərik”.

C.Dövlətzadə əlavə edib ki, kütləvi axının iyun ayından başlaması turizm sektoruna ciddi töhfə verəcək:

“Yay turizmi təkcə mərkəzdə deyil. Regionlara da ciddi təsirini göstərəcək. Bu təsir artaraq davam edəcək. Bölgə hotellərində bununla əlaqədar ciddi işlər aparırlar. Mərkəzdən gələn turistlər bir müddət sonra bölgələrə sərf edirlər. Bölgələrdən sonra yenidən mərkəzdəki hotellərə qayıdıb, ölkələrinə geri dönürlər. Kütləvi axının iyun ayından başlaması da bölgə turizminə ciddi töhfə verəcək”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir