Alimlər hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamini müəyyən ediblər. Məlum olub ki, “D” vitamini şizofreniyada inkişaf edən beyin hüceyrələrinə təsir edir.
Bu barədə Kvinslend Universitetinin alimləri tədqiqat aparıblar. Elmi işin nəticələri “Journal of Neurochemistry” jurnalında dərc olunub.
Qeyd edilir ki, şizofreniyanın dəqiq səbəbləri bilinməsə də sinir impulslarının ötürülməsində iştirak edən maddə – dofaminin işinin pozulması ilə əlaqəli olduğu məlumdur.
Elm adamları laboratoriya şəraitində beyində dofamin ifrazına cavabdeh olan sinir hüceyrələri yetişdiriblər. Neyronlar həm “D” vitaminin aktiv hormonu olan, həm də olmayan halda yetişdirilib.
Bioloqlar müəyyən ediblər ki, “D” vitamini səviyyəsi dofamin buraxan hüceyrələrin böyüməsinə təsir göstərir.
Nəticələrə əsaslanaraq, tədqiqatçılar “D” vitamini çatışmazlığının uşaqda məlumatların qavranılması və əhval-ruhiyyənin tənzimlənməsi üçün cavabdeh olan kritik neyronların formalaşmasına mane ola biləcəyini bildiriblər.
Alimlər bildiriblər ki, nəticələr şizofreniya xəstəliyinin qarşısının alınması və müalicəsi üçün konkret tövsiyələr verməsə də, hamiləlik zamanı qadınların düzgün qidalanmasının və sağlamlığının qorunmasının vacibliyini nümayiş etdirir.
Mənbə: Gazeta.ru
www.RIA24.az