148 illik tarixin sığdığı muzey: Quran zənn edilərək satılan dərgi, dahilərin yadigarı – REPORTAJ + FOTO

Maraqlı


Qəribə səslənsə də, bəzən bilgisizlik dəyərli əşyanın itib-batmamasına, qorunmasına yardımçı ola bilər. Birisi ərəb əlifbası ilə yazılmış jurnalı Quran hesab edər və müqəddəs kitab adı ilə satar. Başqa birisi, artıq bu dəfə dildən, haldan anlayanı o “müqəddəs kitabı” alar və görər ki, sən demə, bu başqa bir tarixin güzgüsü imiş.

Bu maraqlı əhvalatın təfərrüatını Oxu.Az-ın əməkdaşına “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı elə bu qəzetin redaksiyasında yaratdığı Mətbuat muzeyində nəql edir.

Altı otaqdan ibarət muzeydə qəzetlər, jurnallar, kitablar, fotolar toplanıb. Eksponatların əksəriyyəti orijinaldır. O cümlədən ayrı-ayrı tanınmış jurnalistlərə aid sənədlər, fotolar, əşyalar da bu muzeydə sərgilənir.

Akif Aşırlı deyir ki, eksponatların sayı 250-dən çoxdur:

“İki cilddə Azərbaycan mətbuat tarixini yazan zaman bir çox faktları əldə etdim. Düşündüm ki, bizim milli mətbuat muzeyimiz yoxdur, amma yaratmaq lazımdır. Əlimdəki sənədləri yığdım, elə muzey yaratdım ki, gələcək nəsillər faydalansınlar. Altı aya başa gəldi. İndi burada 148 illik mətbuat tarixini özündə əks etdirən qəzetlər, jurnallar, fotolar, sənədlər, tarixi kitablar, imzalı məktublar, teleqraflar var.

2018-ci ildə muzeyin açılışı oldu. Cümhuriyyət quruculuğunda iştirak etmiş şəxslərin varislərini dəvət etmişdim. Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Ömər Faiq Nemanzadənin Moskvada yaşayan nəvəsi Fuad Pepinov, Xəlil İbrahimin qızları – Güllər və Solmaz xanım, Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla xanım Çəmənzəminli, Səid Ünsizadə qardaşlarının Azərbaycanda olan tək varisi açılışda iştirak etdilər.

Mətbuat tarixinə, xüsusən Cümhuriyyət dövrünə aid tədqiqatı hələ də davam etdirirəm. Türkiyəyə səfər edən zaman qədim kitabların satışı olan yerlərə baş çəkirəm. Azərbaycana aid olan kitab, məcmuə, qəzet  görürəmsə, alıram. Azərbaycan mətbuatı, Cümhuriyyət dövrü ilə bağlı nə varsa, imkanım daxilində əldə etməyə çalışıram. Dövrünün tanınmış şəxsiyyətlərinə aid materialları varisləri də gətirib verirlər. Özüm də axtarıram. Antik mağazaları gəzirəm”.

A.Aşırlı muzeyi yaradarkən kömək edənlərin olduğunu söyləyir, amma daha çox daxili imkanları hesabına muzeyi genişləndirməyə çalışdığını bildirir:

“Ümumilikdə 16 portret hazırlatmışıq, bəziləri isə hədiyyə edilib. Hər dövrə bir otaq həsr etmişik. Birinci Dünya müharibəsi illərini, Cümhuriyyət dönəmini, sovet dövrünü, mühacirət və repressiya illərini əhatə edən stendlər qurmuşuq. Biz sovet dövrünü kənarda qoya bilmərik. Çünki həmin dövrdə milli şüuru məhv etməyə imkan verməyən, dilimizi qoruyan görkəmli jurnalistlər olub. Ən azından, sətiraltı mənalarda fikirlərini ifadə ediblər, yazı dilini formalaşdırıblar. Buna görə də onları unutmaq olmaz.

Qəzet yaradılan zaman deputat Cavanşir Feyziyev, Xalq şairi Nəriman Həsənzadə müəyyən miqdar pul göndəriblər. Şair dedi ki, “sən böyük iş görürsən, istərdim, mənim də payım olsun”. Bu iki nəfərdən başqa bir adamın da bir manatı olmayıb. 16 portretin dörd-beşini dəyərli ziyalı Mikayıl Bozalqanlı hədiyyə edib.

Öz hədiyyələrini, arxivdə olan qəzetlərini də bizimlə bölüşənlər var. Biz arxivləşdirib, sistemə salırıq. Maksimum dərəcədə qorumağa çalışırıq. Mətbuatda öz sözlərini söyləmiş Xədicə xanım Əlibəyovaya, Məhəmmədəli Nasirə, Ağamalı Sadiq Əfəndiyə, Seyfəddin Dağlıya, Osman Mirzəyevə aid muzeydə sənədlər var. Şamil Qurbanov məhsuldar alimlərimizdən, publisistlərimizdəndir. Ona aid əlyazmalar var. Gözlüyü bizdədir. Əməkdar jurnalist Aqşin Kazımzadənin makinası muzeyimizdədir. Ümummilli lider Heydər Əliyevin Elmira Axundovaya hədiyyə etdiyi fotoaparat muzeyimizdə qorunub-saxlanılır. Onun Heydər Əliyevdən götürdüyü silsilə müsahibələrinin kasetləri də muzeyimizdə qorunur.

Son olaraq isə Nuru Paşa otağını hazırlamışıq. Nümunələrin çoxunu Türkiyədə, Bakıda köhnə kitab və əşyalar satılan yerlərdən əldə etmişik. Əhməd bəy Ağaoğluya aid 160 sənədin surətini Türkiyədən, qızı Sürəyya Ağaoğlunun arxivindən gətirtmişik. Çalışmışıq ki, hər dövrü əhatə edək”.

Eksponatlarla tanışlıq əsnasında diqqətimizi çəkən əsas məqam muzeyin redaksiya daxilində olmasıdır. Ancaq muzeyin yaradıcısı deyir ki, bu, iş prosesinə maneçilik törətmir:

“Bəli, muzey qəzet redaksiyasının içindədir və heç bir maneçiliyi yoxdur. Hətta muzey fonunda fəaliyyət göstərmək jurnalistlərə şövq verir, məsuliyyət yaradır. Muzeyə ziyarət edənlər də olur. BDU-nun Jurnalistika fakültəsinin tələbələri, alimlər, ziyalılar, muzey həvəskarları, ayrı-ayrı redaksiyalardan gələnlər də olur. Muzeyi ziyarət edən hər kollektiv üçün geniş izahat veririk.

Türkiyədə də bu muzeyə maraq var. Hətta bizə dəvət gəlmişdi ki, burada sərgilənən sənədləri Mərmərə Universitetində nümayiş olunsun. Lakin koronavirus pandemiyası başladığından alınmadı. Muzeyə Gürcüstandan, Türkiyədən çoxsaylı ziyarətçilər gəliblər. Ümid edirəm ki, muzey dövlət statusu alacaq və daha da zənginləşəcək”.

Əvvəldə bəhs etdiyim Quran məsələsini soruşuram. Mətbuat tarixçisi deyir ki, hadisə Bakıda vaqe olub:

“Bir gün mağazaların birində ərəb əlifbası ilə yazılmış “Məktəb” dərgisinə rast gəldim. 1915-16-cı illərə məxsus idi. Satıcılar elə biliblər ki, bu, Qurandır. Onu aldım. Muzeydə qoruyub-saxlayıram”.

“İrəvan mətbuatı ilə bağlı sənədlər var. Şəfəq Nasirin babası Məhəmmədəli Nasirə aid materiallar, əlyazmaları, jurnalist vəsiqəsi bizdədir. M.Nasir İrəvanda 1914-cü ildə “Ləklək” jurnalının əsasını qoyanlardandır. Sonra “Molla Nəsrəddin”çi olub. Onların əlyazmaları, kitabçaları, üzərində Cəlil Məmmədquluzadənin imzası olan jurnalist vəsiqələri bizdədir”, – Akif bəy qürrələnir.

O, unikal sənədlərin itəcəyindən qorxduğunu bildirir:

“Özümüz də qorxuruq ki, bir gün qapılar açıq olar, kimsə gəlib götürər. Hər səhər gələndə baxıram ki, görüm nə əskikdir. Bunların hər biri tarixdir. Qorumalıyıq. Sırf milli mətbuat muzeyimiz yoxdur. İstərdim, muzey yaradılsın. Yaradılan zaman bunların hamısını oraya verəcəyəm. Muzey üçün yer ayrılsa, yaxşı olar. O muzeyin qurulmasında fəallıq göstərərəm. Sadəcə, yer verilsə, yaxşı olar. Müraciət etməmişəm. Lakin hər kəs bilir. Sərgi də keçirməmişik. Çünki şərait yoxdur.

Burada olan bütün materiallar mənim üçün dəyərlidir. Hər birinin ayrı-ayrı qiyməti var. Ən qədim əlyazma 140-dan çox yaşı olan “Ziyayi-Qafqaziyyə”dir. Səid, Cəlal, Kamal Ünsizadə qardaşlarının yaratdığı mətbuat orqanıdır. “Əkinçi”dən sonra ikinci ana dilli mətbuat orqanıdır. Arxasında senzorun möhürü var. Tiflisdə vurulub. Səid Ünsizadənin əlindən çıxıb. Əhməd bəy Ağaoğluya məxsus sənədlər də orijinaldır.

“Əkinçi”nin 1875-ci ildə çıxan ilk sayını kətana köçürtdürmüşəm.

Sənədlərin, fotoların bir qismini Cümhuriyyət qurucularının varisləri özləri gətirib, veriblər. Yusif Vəzir Çəmənzəminlinin nadir fotolarını bizə nəvəsi verib. Səid Ünsizadənin varisi Zaur Ünsizadə də nadir fotolar verib. 1918-20-ci illərdə “Azərbaycan” qəzetində məsul katib olan publisist Xəlil İbrahimə aid bütün sənədlər bizdə var”. 

Mətbuat tarixçisi otaqları bir-bir gəzdirərək bizimlə tarixi faktları bölüşür. O, ilk mədəniyyət jurnalımız olan “Övraqi-nəfisə” haqqında məlumat verir. Sonra keçir Cümhuriyyət dövrünün əsas mətbuat orqanı olan “Azərbaycan” qəzetinə:

“Şərif bəy Rüstəmbəyli Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin redaktoru olub”.

Məhəmməd Əmin Rəsulzadənin portretinin qarşısına gəlirik. Akif bəy divardakı tablolardan birini göstərərək sözünə davam edir:

“Bu tablo “İstiqlal” qəzetinin xüsusi buraxılışıdır. 1933-cü ildə mayın 28-də dərc olunub. Orijinaldır. Rəsulzadənin vətənsevər azərbaycanlılara müraciəti var: “İstiqlal Günəşi yenidən doğacaq, Azərbaycan öz hürriyyətinə yenidən qovuşacaq. Siz buna əmin olun. Rus əsarəti keçicidir. Müqavimətinizi əsirgəməyin”.

Muzeyin yaradıcısı sonda əlavə edir ki, hər bir redaksiyada belə bir təşəbbüsün olmasını istəyərdi, çünki jurnalistika tariximizi hər kəsin bilməli olduğu qənaətindədir.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir