“Əqrəb mövsümü” serialının ikinci mövsümü olacaq.
Bu barədə Oxu.Az-a “Əqrəb mövsümü” serialının ssenaristi Azər Aydəmir məlumat verib.
Onun sözlərinə görə, hələlik serialda gedişatın necə olacağı barədə özünün də məlumatı yoxdur:
“Hələlik onu deyə bilərəm ki, “Əqrəb mövsümü” serialının ikinci mövsümü olacaq. Bundan başqa məlumat verə bilmərəm. Çünki hazırda ssenarini yazıram. Nəyin necə olacağını özüm də bilmirəm”.
Ssenarist ikinci mövsümdə yazıçı Ceyhun Hidayətlinin yaradıcılığına müraciət edilməyəcəyini açıqlayıb:
“Əqrəb mövsümü” serialının ikinci mövsümündə Ceyhun Hidayətlinin yaradıcılığına müraciət edilməyəcək. Motiv real baş vermiş hadisədən götürüləcək.
Lakin “Əqrəb mövsümü” brendi ilə bədii filmlər çəkiləcəyi təqdirdə mütləq Ceyhun Hidayətlinin kitablarına müraciət ediləcək. Bununla bağlı planlarımız da var. O zaman Ceyhun Hidayətlinin digər iki kitabının motivlərinə müraciət edəcəyik”.
Qeyd edək ki, “Əqrəb mövsümü” 2023-cü ilin yanvarında yayımlanıb. Serial dram, triller və detektiv janrdadır. Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş “Əqrəb” romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriya davam edib. Serialın çəkilişi 2021-ci il başa çatsa da, pandemiya səbəbindən yayımı gecikib.
Nəzrin Vahid
www.RIA24.az