Dünən ölkə ərazisində bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Quba rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, intensiv yağıntılar nəticəsində sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində Çayqovuşan-Yerfi-Qayadalı və Çayqovuşan-Adur avtomobil yollarının bəzi hissələri yararsız hala düşüb, Yerfi kəndi ərazisində Babaçay çayı üzərində mövcud körpünün yanaşma hissəsi (təqribən 11-12 m uzunluqda) dağılıb.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyin “11 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
12:55
“Sel fəlakətindən sonra Qubada hazırda vəziyyət yaxşıdır, problem aradan qaldırılır”.
Bu fikirləri Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Oxu.Az-a açıqlamasında deyib.
Müavin sel fəlakəti ilə bağlı açıqlamasında bildirib ki, bir neçə kəndin yollarına ziyan dəyib:
“Hazırda vəziyyət yaxşıdır. Hava da açılıb. Hadisə ötən gün 15:00-15:40 radələrində baş verib. Sel fəlakəti Qubanın Yerfi, Rük, Qarxun, Adur və bir neçə kəndində qeydə alınıb. Bəzi kənd yollarını sel aparıb. Kəndlərin yollarına ziyan dəyib. İşlər davam etdirilir. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülüb, müvafiq texnika cəlb olunub. Bərpa işləri hələ də davam etdirilir”.
12:04
Dünən intensiv yağan yağışlar nəticəsində Quba rayonunda sel fəlakəti baş verib.
Oxu.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə Quba rayonunda, Təngəaltı adlanan ərazidə qeydə alınıb. Sel fəlakəti istirahət mərkəzinə və ətrafa ziyan vurub, insanların hərəkətinə təhlükə törədib.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
www.RIA24.az