Azərbaycanda zəlzələ daşınmaz əmlak bazarına necə təsir edəcək? – RƏY + FOTO/VİDEO

Maraqlı


Ötən gecə Xəzər dənizinin Dağıstan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ paytaxt Bakıda, Sumqayıt və Abşeron yarımadasında da hiss edilib. Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə 10 min metr dərinlikdə qeydə alınıb.

Azərbaycanda baş verən zəlzələ gecədən etibarən mətbuatın gündəmindədir. Hadisədən sonra çoxmərtəbəli binaların dayanıqlıq dərəcəsi, həyət evlərinin təhlükəsiz olması əsas müzakirə edilən mövzulara çevrilib. Hətta həyət evlərinin qiymətinin bahalaşacağı, bina evinin ucuzlaşacağı qeyd olunur.

Fevral ayında qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş verən güclü zəlzələ nəticəsində çoxmərtəbəli binaların yerlə bir olması da insanlarda vahiməyə səbəb olub. İnsanlarda belə binalarda yaşamaq qorxusu yaranıb. Bütün bu baş verənlər səbəbdən iddia olunur ki, perspektivdə həyət evlərinə maraq daha da artacaq. Bu da öz növbəsində qiymətlərə təsir edəcək.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Zəlzələ daşınmaz əmlak bazarına hansısa formada təsir edəcəkmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanın daşınmaz əmlak bazarında da müəyyən təlatümlər yaşanıb:


“Türkiyədə baş verən zəlzələ zamanı da bizim daşınmaz əmlak bazarında müəyyən təlatümlər baş verdi. İnsanlar daha çox köhnə sovet binalarına və daha çox həyət evlərinə üstünlük verdilər. Lakin bu müvəqqəti xarakter daşıdı. Hesab edirəm ki, daşınmaz əmlak bazarında qiymət formalaşması təbii yox, subyektiv təsirlər hesabına müəyyənləşir”.

E.Kərimli qeyd edib ki, mənzillərin qiymətində ciddi dəyişiklik hiss olunmayacaq:

“Qısa zaman ərzində çoxmərtəbəli binaların satışında azalma baş verə bilər. Amma inanmıram ki, sahibkarlar qiyməti endirsinlər. Tələb aşağı düşəndə də qiymətləri endirmirlər. Hər zaman gözləmə mövqeyində dayanırlar. Qiymət dəyişikliyi müşahidə etməyəcəyik. Qısa zaman ərzində köhnə binaların və həyət evlərinin qiymətində artım müşahidə edilə bilər”.

İqtisadçı Emin Qəribli isə əlavə edib ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycanda həyət evlərinə daha çox üstünlük verilib:

“Daşınmaz əmlak qiymətlərinə baxsaq, görərik ki, Türkiyədə baş verən zəlzələdən sonra qiymətlərdə müəyyən dəyişikliklər oldu. Bu, Azərbaycandan da təsirsiz ötüşmədi. Azərbaycanda o dövrdən bu günə qədər həyət evlərinə üstünlük verirlər. Bina evlərinə tələbat sanki bir qədər azaldı”.

Ekspert zəlzələnin daşınmaz əmlak bazarına köklü təsir etməyəcəyini qeyd edib:

“Bizdə baş verən zəlzələ güclü deyil. Türkiyədəki zəlzələdən bu günə o qədər də çox vaxt keçməyib. Müəyyən təsirləri olacaq. Yay aylarında daşınmaz əmlakda canlanma olur. Müəyyən dərəcədə təsir edəcək. Bir ay sonra ümumiyyətlə fəsadlar azalacaqdır. Köklü təsir edəcəyinə inanmıram. Zəlzələ Türkiyədəki qədər güclü deyil. Ona görə də daşınmaz əmlak bazarına güclü təsirinin olmayacağını güman edirəm.

E.Qəriblinin qənaətincə, Azərbaycan elə bölgədə yerləşir ki, bu tip hadisələr vaxtaşırı baş verə bilər:

“Zənnimcə insanların seçimində dəyişikliklər olacaq. 2000-ci ildə baş verən zəlzələdən sonra bir çox insanlar çoxmərtəbəli binalara üstünlük vermirlər. İllər keçdikcə, tendensiya dəyişəcək. Üç, beş və ya doqquzmərtəbəli binalara üstünlük daha çox olacaq”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir