Uşaq oyuncaqları aləmində baş verənlərdən bəhs edən “Barbie” kinokomediyası ABŞ-nin nüvə bombasının yaradıcısı haqqında olan “Oppenheimer” filmi ilə tamaşaçı rəğbəti mübarizəsində qalib gəlib.
Belə ki, “Warner Bros.”un məlumatına görə, 145 milyon dollarlıq büdcə ilə çəkilən “Barbie” yayımlandıqdan sonra ABŞ və Kanadada ən çox gəlir gətirən film olub – cümə, şənbə və bazar günləri bu ölkələrdə 155 milyon dollar qazanc gətirib (bütün dünyada isə 337 milyon dollar).
“Universal Pictures”in məlumatına görə, 100 milyon dollarlıq büdcə ilə çəkilən “Oppenheimer” filmi isə ABŞ-də eyni günlərdə 92,7 milyon dollar qazanıb (bütün dünyada 174 milyon dollar).
Qeyd edək ki, eyni gündə, iyulun 21-də işıq üzü görən bu iki filmin qarşıdurması qeyri-rəsmi olaraq “Barbieheimer” adını alıb. Ancaq bu filmlərin məzmunu demək olar ki, bir-birinin tam əksidir: “Barbie” filminin süjeti oyuncaqlar aləmində cərəyan edirsə, rejissor Kristofer Nolanın çəkdiyi üçsaatlıq “Oppenheimer” filmi isə ABŞ nüvə bombasının atası olmuş alimin dramatik hekayəsindən bəhs edir.
Lakin kifayət qədər fərqli tamaşaçılara qarşı belə bir oriyentasiya bütövlükdə kinoya tamaşaçı marağının kəskin artmasına səbəb olub. Həftəsonu hər iki filmə çoxlu tamaşaçı baxıb.
Mənbə: BBC
www.RIA24.az