Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişaf istiqamətlərinin araşdırıldığını elan edib. Agentlik sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, Azərbaycanın tibbi turizm məhsulları yaradaraq beynəlxalq bazarlara çıxarmaq imkanı, bu sahədə potensialı böyükdür.
Qeyd etmək yerinə düşər ki, tibbi turizm ilk baxışdan anladığımız sağlamlıq turizmindən bir qədər fərqli məqamdır. Belə ki, sağlamlıq turizminin inkişafından bəhs ediləndə ölkədəki müalicə, şəfa və istirahət mərkəzlərinə, sanatoriyalara turistlərin cəlb edilməsindən söhbət gedirsə, tibbi turizm xəstəxanalarda göstərilən xidmətlərin əcnəbilərə təqdim edilməsidir. Qısacası, tibbi turizm sağlamlıq turizminin alt seqmentlərindən biridir.
Kənan Quluzadə mətbuata açıqlamasında fikirlərinin davamı olaraq vurğulayıb ki, müalicə, tibbi prosedurlar, əməliyyatlar məqsədilə gələn turistlərə plastik cərrahiyə, oftalmologiya, stomatologiya və digər sahələr üzrə turizm məhsulları təklif etmək olar. Yaxın Şərq, Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələrindən bu məqsədlə müştərilər cəlb etmək mümkündür.
Tibbi turizmin inkişafı haqqında Oxu.Az-a danışan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd edib ki, bu sahənin inkişafı ilə bağlı təşviq proqramlarının hazırlanması, marketinq siyasətinin sistemli həyata keçirilməsi üçün təkliflər verilib. Azərbaycan Turizm Bürosu bu istiqamətdə əsaslı işlər görür:
“Ancaq düşünürük ki, qısa müddətdə tətbiq edilə biləcək tədbirlər planı olmalıdır. Azərbaycan tibbi turizmdən pay ala bilsin deyə, bu sahənin işlənməsi sürətləndirilməlidir. Dünya ölkələrində müxtəlif məhdudiyyətlərin olması Azərbaycan üçün yeni fürsətlər, imkanlar açır. Sahibkarlıq subyektlərinin bu istiqamətdə təşviqi, yeni sağlamlıq-turizm mərkəzlərinin tikilməsinə və kadr məsələlərində önəmli addımlar atılmasına ehtiyac var.
Azərbaycan termal turizm, sanator-kurort müalicəsindən daha çox tibbi turizmdən qazana bilər. Bu prosesdə səhiyyənin inkişafı və xarici ölkələrdə təbliğatı vacibdir. Beləliklə, Azərbaycan sərhədyanı ölkələrdən, eyni zamanda müxtəlif prioritet bazarlardan pay almaq imkanına malik olacaq”.
“New Era” turizm şirkətinin rəhbəri, turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov isə düşünür ki, ümumilikdə sağlamlıq turizminin inkişafı üçün Azərbaycanda potensial yüksəkdir. Elə kurort-sanatoriyalar, tibb müəssisələri, istirahət və müalicə məqsədilə müraciət edilən obyektlərın sayı çox, xidmət keyfiyyəti qənaətbəxşdir:
“Hesab edirəm ki, Bakıda və Abşeron yarımadasında palçıq vulkanları, Naftalanda neftdən istifadə etməklə müalicə həyata keçirilən sanatoriya, işğaldan azad edilmiş ərazilərdə istisu və əhəmiyyətli yerlər var. Əslində bunların hamısını turizmə qazandırmaq olar. Sadəcə, sağlamlıq turizmi elə bir sahədir ki, o daha çox infrastrukturla bağlıdır. Məsələn, Abşeronda müalicəvi palçıq vulkanlarının olması kifayət deyil. Burada sanatoriyalar hazırlanmalıdır, ölkəyə gələn turistlər üçün xüsusi xidmətlər təklif edilməlidir ki, turizmin bu növünə maraq artsın.
Turizm təşviq və diqqət tələb edən sahədir. Əgər yaxşı tədbirlər planı tətbiq edilsə, tibb və sağlamlıq turizmi gəlirli sahəyə çevriləcək. Biz əcnəbi turistlərin müalicə və istirahət üçün Azərbaycanı seçməsini istəyiriksə, xəstəxanaların, tibbi laboratoriyaların, səhiyyə infrastrukturunun, kadr hazırlığının yüksəldilməsinə diqqət etməliyik. Hazırda hər kəsə aydındır ki, ölkəmizdə səhiyyənin vəziyyəti tam yüksək səviyyədə deyil. Üstəlik qiymətlər də digər ölkələrə nisbətən bahadır. İlk növbədə bu xidməti mükəmməl səviyyəyə gətirmək, daha sonra xarici bazarlara satmaq daha məqsədəuyğundur. Xəstəxanalara yaxın ərazilərdə istirahət mərkəzlərinin, hotellərin, bölgələrdə müalicəvi əhəmiyyətli yerlərdə sanatoriyaların olması vacibdir. Bu istiqamətdə uğur əldə etmək istəyiriksə, tur şirkətləri də məlumatlı və maraqlı olmalı, müalicə üçün Azərbaycanı seçən əcnəbilərə məhsul təqdim edə bilməlidirlər”.
Aysel Aslan
www.RIA24.az