İyulun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) İdarə Heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib. Birləşən təşkilatlar isə bundan sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılacaqlar.
Bəs görəsən, kino ittifaqlarının birləşdirilməsinə aktyorların münasibəti necədir? Onlar bu birliyin sədri olaraq kimi görmək istəyirlər?
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bir neçə aktyor ilə danışıb.
Xalq artisti Firəngiz Mütəllimova heç bir ittifaqa üzv olmadığını söyləyib:
“Mən heç bir ittifaqın üzvü deyiləm. Ona görə də daxili işlərdən xəbərim yoxdur. Hər iki ittifaqın sədrinə böyük hörmətim var. Şəfiqə xanım da, Rasim bəy də bizim dəyərli sənətkarlarımızdır. Hər halda üzv olanlar seçki edib, sədri seçəcəklər. Mən bilmədiyim məsələyə müdaxilə edə və münasibət bildirə bilmərəm. Teatr ilə bağlı olsaydı, fikrimi deyərdim”.
Xalq artisti Valeh Kərimov kino ittifaqlarının birləşdirilməsinin çox düzgün qərar olduğunu vurğulayıb:
“Hər iki ittifaqın vahid adda birləşməsi doğru qərardır. Bundan yaxşı qərar ola bilməzdi. Faydalarını görəcəyik. Əsas faydası odur ki, bir nəfərin sözü eşidiləcək. El arasında belə bir məsəl var ki, arvadın bir əri olar, iki əri olanda vəziyyət yaxşı olmur”.
Xalq artisti, aktrisa Naibə Allahverdiyeva əlavə edib ki, barmaqlar yumruq kimi birləşəndə inkişaf da olacaq:
“Düşünürəm ki, hər iki təşkilatın birləşməsi çox gözəl oldu. Barmaqlar yumruq halında birləşəndə, inkişaf da olacaq. Yalnız sənət naminə işlər görülməlidir. Lakin az da olsa, rəqabət də olmalıdır. Təşkilata ağıllı, kinoya dəyər verəni rəhbər seçsinlər, özünü düşünəni yox. Sənəti sevən olmalıdır ki, kinonun inkişafına səy göstərsin. Aktyorlara ata qayğısı göstərsin”.
N.Allahverdiyeva filmlərdə aktrisa kimi lazımi qədər istifadə olunmadığını vurğulayıb:
“Mən çox istəyərdim ki, kinomuz inkişaf etsin. Aktrisa kimi fikirləşirəm ki, kinoda lazımi qədər istifadə olunmadım. Bizim nəsil kinoda müəyyən səbəblərə görə, o qədər də çəkilmədik. Çox istərdim kinostudiyamız təmir olunsun. Əvvəllər orada qızğın işlər gedirdi. İstərdim yenidən olsun. Mənə elə gəlir ki, olacaq. Buna inanıram. Hər halda kinonu, sənətini sevən, onun inkişafında əməyini sərf edən insan sədr seçilməlidir. Kreslo üçün sədr gəlməməlidir, kinomuza can yandırmaq lazımdır”.
Xalq artisti Məleykə Əsədova kino ittifaqlarının birləşməsindən xəbərdar olduğunu söyləyib:
“Bu aralar çox məşğulam. Lakin ittifaqların birləşməsindən xəbərdaram. Mənim sözün əsl mənasında bütün sənətkarlara böyük hörmətim var. Şəfiqə xanım da, Rasim bəy də hər ikisi böyük sənətkarlardır. Sənəti olan sənətkarları Allah var etsin! Yalnız bu qədər deyə bilərəm”.
Nəzrin vahid
www.RIA24.az