Aktyor Elcan Rəsulovun səhhəti yaxşılaşır.
Bu barədə Oxu.Az-a tanınmış aparıcı və aktyor özü məlumat verib.
O, müalicələrini evdə davam etdirdiyini söyləyib:
“Artıq beş gündür ki, evdəyəm. Həkimlərin sözlərinə görə, səhhətim yaxşıya doğru gedir. Öd kisəmdə problem əvvəldən olub, lakin bundan xəbərsiz olmuşam. Birdən-birə ağrılarım oldu. Qəfildən halım pisləşdi, xəstəxanaya yerləşdirildim.
Diaqnoz öd kisəsində palçıq idi. Bu, öd kisəsində olan daşdan daha betərdir. Onu kəsib götürmək mümkün olmur. Həkimlər bir həftəyə qədər vaxt qoydular. İstədilər məni sağaltsınlar. Bir həftə müalicə etdilər. Lakin bədənim müalicələrə reaksiya vermədi. Üç saat ərzində riskli əməliyyatda oldum. Normalda 45 dəqiqə olmalı idim”.
E.Rəsulov hələ də evdə dərman müalicəsi aldığını qeyd edib:
“Çəkim düşüb. Xəstəxanada su içmir, yemək yemirdim. Ancaq iynə və dərman qəbul edirdim. Altı ay sağlam qidalanmalıyam. İndi özümü normal hiss edirəm. Maşın sürməyə icazəm yoxdur. Ağır yük qaldıra bilmərəm. Hələ işə də çıxmıram. Ambulator müalicə alıram”.
Xatırladaq ki, iyulun 31-də aparıcı və aktyor Elcan Rəsulovun qəfildən halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib, ödündən əməliyyat olunmuşdu.
Nəzrin Vahid
www.RIA24.az