Son iki həftə ərzində havalar kəskin isti keçir. Belə şəraitdə orqanizmi qorumağın yollarından biri də düzgün geyim formasının seçilməsidir.
Bəs görəsən, qızmar havalarda hansı tərz və rəngdə olan geyimlərə üstünlük vermək lazımdır? Yayda hansı parçalardan olan paltarlar məqsədəuyğundur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən modelyer-dizayner Şəlalə Maqsudova deyib ki, yay fəslində diqqət edilməli olan əsas məqam geyimlərin keyfiyyətli parçalardan hazırlanmasıdır:
“Hava keçirən, bizi tərlətməyən, bədənimizlə rahat təmasda olan parçalar seçməliyik. Qatqısız kətan və təbii ipək parçadan hazırlanan geyimlərə daha çox üstünlük vermək lazımdır. Sintetik və süni parçalardan yay ərzində uzaq durmalıyıq. Çünki bədənimiz hava ilə rahat təmasda olmalıdır”.
Ş.Maqsudova qeyd edib ki, sintetik parçalar orqanizmimizdə bir çox xəstəliklərə səbəb ola bilər:
“Parçaların tərkibində süni qatqılar qəti şəkildə olmamalıdır. Orqanizmdə xəstəliklərə səbəb ola bilər. Sintetik parçalar xəstəliklər yaradır. Nəinki yay, başqa fəsillərdə də olmaz. Düşünürəm ki, hər kəs də bu çağırışa riayət etməlidir. Parçanın tərkibindən sonra biçimi və rəngi də əsas rol oynayır.
Bədənimizə kip oturan dar geyimlərdən istifadə etməməliyik. Günəşdən qorunmaq üçün çox açıq-saçıq olmamaq şərti ilə bədənə boş oturan geyimlərə üstünlük vermək məsləhətdir”.
Modelyer 2023-cü ilin dəbindən söz açıb:
“Kətan və ipəkdən olan, həm birtonlu, həm də qarışıq xırda güllü, üzərində elementlər olan parçalar dəbdədir. Gen sarafan və donlar 2023-cü ilin dəbidir.
Lakin xanımlarımız mayka və “krop”lara daha çox üz tuturlar. Bu onların seçdiyi tərzdir. Amma dəb hesab olunmur. Oluna da bilməz. Geyindiklərinə fikir versək, görərik ki, 10 faiz insan yalnız dəbi izləyir. Ona görə də bu, normal haldır”.
“Yay aylarında ümumiyyətlə qara, tünd rəngləri məsləhət görmürəm. Ən çox ağ rəng, açıq-çəhrayı, açıq-sarı, açıq-mavi rənglər seçimimiz olmalıdır. Ümumiyyətlə, açıq, ağ rəngli paltarlar Günəş şüalarını əks etdirir, tünd rəngli geyimlər isə Günəş şüalarını udaraq, bədənin hərarətinin artmasına səbəb olur”, – deyə Ş.Maqsudova qeyd edib.
Nəzrin Vahid
www.RIA24.az