1991-ci ildə Avstriyanın Ötztal Alp dağlarında əriyən buzlaqda tapılan və Avropanın ən yaşlı mumiyası hesab olunan 5300 yaşlı Ötzinin Anadolu mənşəli olduğu ortaya çıxıb.
Bu barədə Almaniyanın “Max Planck” İnstitutunun saytında dərc olunan press-relizdə bildirilir.
Məlumata görə, İtaliyanın “Eurac” Mumiya Araşdırmaları İnstitutunun və “Max Planck” Təkamül Antropologiya İnstitutunun alimləri Ötzinin genomunu geniş şəkildə təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Bildirilir ki, analizlərin nəticələrinə görə, “buz adamı”nın genomunda, digər avropalılarla müqayisədə Anadoludan gələn ilk əkinçilərin genləri ilə ortaq qeyri-adi yüksək nisbətdə (92 faiz) genlər var. Bu səbəbdən Ötzinin genetik əcdadlarının Anadoludan gəlmiş ola biləcəyi açıqlanıb. Bundan başqa onun dəri rənginin müasirləri avropalılarınkından daha tünd olduğu deyilir.
Tədqiqatlar zamanı “buz adam”ın piylənmə və diabetə meylli olduğu, ancaq sağlam həyat tərzi sayəsində bu xəstəliklərdən əziyyət çəkmədiyi müəyyən edilib. Həmçinin onun dişlərinin pis vəziyyətdə olduğu, son yediyi şeyin isə dağ keçisi əti olduğu öyrənilib. Ötzinin bədənində çoxlu yaralar tapılıb, bu da onun qanlı döyüşdə həlak olduğunu göstərir.
Əvvəlki araşdırmalarda Ötzinin 40-50 yaşlarında olduğu və böyük ehtimalla sol çiyninə dəyən ox səbəbində qan itkisindən öldüyü müəyyən edilmişdi.
Mənbə: TRT Haber
www.RIA24.az