Yaponiyanın baş naziri Fumio Kişida “Fukusima 1” nömrəli atom elektrik stansiyasının (AES) çirkab sularının Sakit okeana axıdılmasından bir neçə gün sonra həmin ərazinin dəniz məhsullarından hazırlanan yeməyi yeyib.
Bununla bağlı sosal şəbəkələrdə kadrlar yayılıb.
Kadrlarda onun balığı yeyərkən “Bu, çox dadlıdır” dediyi görünür.
Baş nazir həmçinin Fukusima regionunda yetişdirilən meyvə, düyü, tərəvəz, həmçinin donuz ətindən hazırlanan yeməyin dadına baxıb.
Baş nazirin balıq yeməsinin videosu Çinin Yaponiyadan bütün dəniz məhsulları idxalını qadağan etməsindən sonra yayılıb. Yaponiya Çindən – ən böyük balıq bazarı – Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyini xəbərdar etməklə yanaşı, dəniz məhsulları idxalına qoyulan qadağanın ləğvini tələb edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi avqustun 30-da okeana atılan suyun təhlükəsiz olduğunu təsdiqləyib.
Xatırladaq ki, Yaponiyada 2011-ci ildə doqquz bal gücündə zəlzələ və ondan sonra gələn sunamidən sonra “Fukusima-1”-də qəza baş vermişdi. Hadisə nəticəsində ətraf mühitə radioaktiv elementlər yayılmışdı. Qəzaya Beynəlxalq Nüvə Hadisələri Şkalasına (INES) görə maksimum – yeddinci səviyyə təyin edilmişdi.
Yaponiya hakimiyyəti 2021-ci ilin aprelində qəzalı atom elektrik stansiyasından suyun boşaldılmasına başlamaq qərarını açıqlayıb. 2022-ci ilin yazında “Tokyo Electric Power” (TERCO) mayenin boşaldılmasına icazə alıb.
Radioaktiv maddələrlə çirklənmiş maye izotopları çıxarmaq məqsədilə süzüləcək. Mayedə yalnız tritium qalacaq, onu da texniki cəhətdən çıxarmaq mümkün deyil.
Mənbə: The Japan Times
www.RIA24.az