Azərbaycanda düyünün ucuzlaşması ilə bağlı proqnozlar var.
Bəs görəsən, bu proqnozlar nə dərəcədə doğrudur? Həqiqətən düyünün qiyməti aşağı düşəcək? Bu halda idxal prosesi necə tənzimlənəcək?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda düyünün qiymətinin aşağı düşməsi gözlənilmir:
“Azərbaycanda düyünün ucuzlaşması gözlənilmir. Azərbaycan istehlaka lazım olan düyünün 80-85 faizdən çoxunu idxal edir. 80 faizi Hindistandan, digər bir qismi isə Rusiya, Qazaxıstan, İran və Pakistan kimi ölkələrdən idxal olunur.
Hindistan dünya düyü bazarının 40 faizini təmin edirdi. Amma indi ölkə dünyaya düyü ixracını məhdudlaşdırıb. Rusiya da bundan sonra ixraca müəyyən məhdudiyyətlər qoydu”.
X.Kərimli düyünün ucuzlaşmayıb, əksinə, bahalaşacağını əlavə edib:
“Düyü indi bahalaşmağa başlayıb. İyul ayında da bahalaşdı. Avqust ayında tək dünya bazarında taxıl qiymətləri içərisində düyü qiymətləri 10 faizə qədər artdı. İyul ayında isə artım 2,6 faiz idi. Azərbaycanda düyü idxaldan asılıdır. Düyü qiymətlərinin artımını yaxın aylarda, həftələrdə hiss edəcəyik.
Ona görə də, düyü ucuzlaşmayacaq, əksinə bahalaşacaq. Burada iki variant var. Ya düyünün idxalında əlavə dəyər vergisi (ƏDV) ləğv ediləcək, ya da adi qaydada proses davam edəcək. İdxal vergisi ləğv edilsə, əhali bahalaşmanı hiss etməyəcək. Ləğv edilmədikdə isə adi qaydada düyünü baha qiymətə əldə edəcəklər”.
İqtisadçı Rəşad Həsənov qeyd edib ki, bazarda düyünün qiymətinin azalmasını şərtləndirən amil yoxdur:
“Dünya bazarında düyünün qiymətində artım var. Bir sıra ölkələr düyü ixracına məhdudiyyət tətbiq edib. Belə bir şərtlər daxilində düyü istehlakında tam idxaldan asılı olan Azərbaycanda məhsulun qiymətinin ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.
Azərbaycanda müəyyən ehtiyatlar var. Qiymətlər kəskin şəkildə artmaya bilər. Çünki qiymətlərin azalmasını şərtləndirən amil yoxdur. Ölkədə istehsal edilən düyünün həcmi az miqdardadır. Cəmi 10 min ton civarındadır. Bu göstərici hazırda daxili bazarın qlobal bazarlardan müstəqil şəkildə formalaşmasını məhdudlaşdırır”.
“Düyü əsas qida rasionumuza daxildir. Bugünkü şərtlər daxilində qismən riskləri zəiflədə bilərik. Həm gömrük, həm də rüsumlarla bağlı işlər görə bilərik. Sahibkarların idxal prosesində aktiv şəkildə iştirakını dəstəkləmək olar. Bu da öz növbəsində ölkədə inflyasiya üçün kənar təzyiqləri zəiflədə bilər. Qısamüddətli dövrdə ucuzlaşma gözlənilmir”, – deyə R.Həsənov qeyd edib.
Qeyd edək ki, Hindistan hökuməti ərzaq təhlükəsizliyini təmin etmək üçün ölkədən düyü ixracına məhdudiyyətlər qoyub, tədarükün təxminən 1/3-ni təşkil edən qaynadılmış düyü üçün 20% ixrac rüsumu tətbiq edib. Bundan əvvəl – ötən ay isə rəsmi Dehli “Basmati” növü istisna olmaqla, ölkədən ağ düyünün ixracına qadağa qoyub.
Rəsmi statistikaya əsasən, Azərbaycan ötən il 42,55 milyon ABŞ dolları dəyərində 50 min 236 ton düyü idxal edib ki, bunun 34,4 milyon ABŞ dolları dəyərində 37 min 586 tonluq hissəsini, yəni 74,8%-i Hindistandan alıb. Bu ilin I yarısında isə Azərbaycanın düyü idxalının 87,8%-i Hindistanın payına düşüb. 6 ay ərzində ölkəyə 32,5 milyon ABŞ dolları dəyərində 36,43 min ton, o cümlədən Hindistandan 28,85 milyon ABŞ dolları dəyərində 32 min ton düyü gətirilib.
Nəzrin Vahid
www.RIA24.az