Alimlər Taylandın cənubunda yeni mavi böv növü aşkar ediblər.
Bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.
Araxnoloqlar Phanq Nqa əyalətinin manqrov meşələrində yaşayan bövləri öyrənərkən təsadüfən yeni bir növ kəşf ediblər.
“Chilobrachys natanicharum” adlandırılan hörümçəklər ayaqlarındakı tüklərin parlaq mavi-bənövşəyi rəngində olması ilə digər bövlərdən fərqlənirlər. Alimlərin dediyinə görə, onların rəngi elektrik qığılcımlarını xatırladır.
Bu növə əvvəllər kommersiya ticarətində “elektrik mavi böv” adı ilə rast gəlinirdi, lakin ilk dəfədir ki, o, təbiətdə tapılıb öyrənilir. Alimlər bu bövlərin Taylandın cənub hissəsində geniş yayıldığını ehtimal edirlər.
Yeni növ hörümçəklərin erkəkləri beş santimetr ölçüyə çatır, dişilər isə altı yarım santimetrə qədər böyüyür. Onların bədəni qəhvəyimtil rəngli tüklə örtülüb. Üstəlik, dişilərdə və gənc hörümçəklərdə bənövşəyi və boz tüklərə təkcə ayaqlarında deyil, həm də bədənində rast gəlinir.
Mənbə: Lenta.ru
www.RIA24.az