Aşağı qazancı olan insanlar bilməlidirlər ki, dərhal böyük miqyasda vəsait toplamağın yolu yoxdur, bu, monoton və ardıcıl işdir.
Bu barədə rusiyalı iqtisad elmləri namizədi və maliyyə analitiki Mixail Belyayev danışıb.
O, pula ən effektiv şəkildə qənaət etməyin yollarını açıqlayıb.
10 faiz qaydası
İqtisadçı bildirib ki, pul toplamaq üçün istənilən gəlirin 10 faizini ayırıb xüsusi hesaba (kassaya) qoymaq lazımdır. Özü də bu, maaşı alan kimi həyata keçirilməlidir, ayın sonunda nə qalacağı gözlənilməməlidir.
“Bu, vergilər, mənzil pulu kimi zəruri ödəniş olmalıdır”, – deyə o vurğulayıb.
Xərclərin rasional planlaşdırılması
Ekspert bildirib ki, pul rasional xərclənməlidir:
“Bu o demək deyil ki, özünüzü asket vəziyyətinə kimi sıxmaq lazımdır, ancaq sizin üçün nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna diqqət etməli və anlıq şıltaqlıqların təsiri altında baş verən emosional alışlardan çəkinməlisiniz”
O, xərcləri zamana uyğunlaşdırmağın vacibliyindən də danışıb:
“Deyək ki, sizin bir neçə məişət texnikanız son dövrlərini “yaşayır”. Gəlirinizə uyğun və heç bir əlavə xərclərinizin çıxmayacağı ən sərfəli anı tutmalısınız”.
İqtisadçı, həmçinin, vergi endirimləri ilə bağlı məlumatların öyrənilməsini və bütün mümkün endirimlərdən yararlanmağı tövsiyə edib.
“Güzəştlər kiçik ola bilər, amma deyək ki, beş güzəştdə bunu artıq hiss edə bilərsiniz”, – deyə o vurğulayıb.
Yatırım
Ekspert bildirib ki, artıq bir növ “yastıq” formalaşandan sonra onu dərhal gəlir gətirən aktivə çevirmək, ya da ən azı bankda əmanət kimi qoymaq olar.
“Kiçik bir faiz də olsa, yenə də faiz, bir növ, gəlirdir. Maliyyə savadını bir az da mənimsədikdə digər vasitələrdən istifadə edə bilərsiniz, məsələn, ən azı fərdi investisiya hesabları vasitəsilə qiymətli kağızlar bazarında əməliyyatlara cəlb oluna bilərsiniz”, – deyə ekspert sözlərini yekunlaşdırıb.
Mənbə: Lenta.ru
www.RIA24.az