Vakata Koiçi: “Ötən Yeni ili kosmosda qarşıladım” – VİDEO

Maraqlı


“Ötən Yeni ili kosmosda qarşıladım. Ekipajla birlikdə kosmosda bayram edib pizza yemək çox maraqlı idi”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Yaponiyanın Kosmik Agentliyi JAXA-nın baş direktorunun baş müşaviri, astronavt Vakata Koiçi deyib.

Konqresin Sərgi pavilyonunda təmsil olunan Yaponiya qurumunun rəsmisi bildirib ki, uzun illərdir ki, kosmosa olan missiyalarda iştirak edir:

“Belə ki, ötən il missiya zamanı Yeni ili kosmosda qarşıladım. Bu özü də unudulmaz idi. Kosmosda olan müddətdə stabil dayanmaq tövsiyə olunmur. Biz hər gün ən az iki saat bədən üçün zəruri olan idman hərəkətləri edirdik. Havasızlıq səbəbindən oturmaq mümkün olmurdu. Mütləq hansısa dəstək vasitəsilə stabil dayana bilirsən. Bu da daha çox bel ağrılarına səbəb olur. Ona görə idman etmək lazım idi”.

Astronavt deyir ki, kosmosda həzm üçün ağır olmayan qidalara üstünlük verilir:

“Daha çox tərəvəz və balıq ətindən olan sosislərin dadına baxmışdım. Bu mənim üçün yeni dad idi. Maye qəbulunda isə suya üstünlük verirdik”.

O deyib ki, kosmosda uçuş aparatının içini mütəmadi tozsoranla təmizləyiblər. Onun sözlərinə görə, bu, içəridə daha rahat nəfəs almaq üçün vacib idi.

Yaponiyanın kosmik sahədə keçdiyi yol, həyata keçirilmiş layihələr və gələcək planlar barədə də məlumat verən astronavt qeyd edib ki, kosmosa uçuşu və kosmosda olarkən başına gələn hadisələri videoya çəkib:

“Hazırda təqdimatda yer alan videoçarxlar öz uçuşum zamanı çəkilib. Astronavtlar tam fərqli həyat tərzi keçirirlər”.

Astronavt bu sahəyə marağı olan hər kəsə dəstək olmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Vakata Koiçi Yaponiyanın sayca dördüncü astronavtıdır, NASA-nın kosmik missiyasında dörd dəfə iştirak edib, Beynəlxalq Kosmik Stansiyanın beş missiyasının iştirakçısı olub.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir