“Koronavirus heç vaxt bitməyəcək, bizimlə birlikdə olacaq” – AÇIQLAMA + FOTO

Maraqlı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə 361 yeni yoluxma faktı qeydə alınıb, 359 nəfər isə müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Payız fəslində kəskin respirator virus infeksiyaları daha çox yayılmağa başlayır. Bu aylarda çoxlu xəstələnmə halı qeydə alınır. Son vaxtlar Azərbaycanda yayılan virusun əlamətləri koronavirusun klinik çalarları ilə eyni olması ilə bağlı fikirlər səslənir. Yəni insanlar arasında yayılan virusun əlamətləri COVID-19 ilə eynilik təşkil edir.

Bəs görəsən, hazırda yayılan virusu COVID-19-dan necə ayırmaq olar? Azərbaycan virus ilə nə zaman vidalaşacaq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, yeni yaranan ştamların əlamətləri yüngüldür:

“Son dövrlərdə artıq koronavirus digər kəskin respirator viruslar ilə eynilik təşkil edir. Virus mutasiyaya uğradıqca yeni ştamm əmələ gəldi. Yeni ştamların da əlamətləri yüngüldür. Qripə oxşar şəkildədir. Virusların əlamətləri də oxşardır.

Lakin əvvəllər daha çox ön planda bədən hərarətinin yüksək olması, sümük və əzələ ağrısı idisə, indi daha çox boğaz ağrısıdır. Yəni insanlar boğaz ağrısı və burun axmasından daha çox şikayətlənirlər. Xəstəliyin ağırlaşması da əvvəlki qədər təhlükəli deyil”.

İnfeksionist qeyd edib ki, virusu yalnız tibbi yol ilə ayırd etmək mümkündür:

“Koronovirus kəskin respirator viruslar ilə eynilik təşkil etdiyi üçün yalnız tibbi yol ilə ayırd etmək olar. Analiz götürülməsi ilə virusun növünü müəyyən etmək mümkündür. Analiz ilə bilmək olar ki, bu koronavirusdur, yoxsa deyil”.

“Koronavirus özü heç vaxt bitməyəcək. Həmişə bizimlə birlikdə olacaq. Kəskin respirator xəstəlikləri törədən onlarla virus var. Qrip, rotavirus, adenovirus və renovirus var. Bunlar koronavirusun əvvəlki formalarıdır. COVID-19 virusu kəskin respirator xəstəliklərin sırasına əlavə olunub”, – deyə M.Əliyev qeyd edib.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 833 550 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 843 nəfər müalicə olunaraq sağalıb, 10 337 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir. Ölkədə son həftə ərzində 4 280, hazırkı dövrədək isə 7 692 353 test aparılıb.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir