“Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.
“Azərbaycanda “Dövlət ehtiyatları haqqında” yeni qanun qəbul edildikdən sonra istehlak bazarında strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısının alınacağı ilə bağlı fikirlər səslənir.
Bəs görəsən, hansı standartlar, yeniliklər tətbiq edəcəklər? Ərzaq məhsullarının qiymətlərində azalma müşahidə oluna bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, qanununa əsasən, ölkədə strateji məhsulların dövlət tərəfindən alınması nəzərdə tutulub:
“Dövlət ehtiyatları haqqında” qanun layihəsi iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olundu. Müzakirədə iqtisadiyyat nazirliyinin əməkdaşları və məsul şəxslər iştirak etdilər. Qanunun mahiyyəti ilə bağlı geniş təqdimat həyata keçirildi. Qanuna əsasən, ölkədə strateji məhsullar olan ərzaq, yanacaq və dərman vasitələrinin dövlət tərəfindən alınması nəzərdə tutulur”.
Millət vəkili qeyd edib ki, strateji məhsulların dövlət tərəfindən alınması bazarda süni qiymət artımının qarşısını alacaq:
“Vətəndaşlar tam arxayın olacaqlar ki, bu məhsulların istənilən vəziyyətdə qıtlığı olmayacaq. Çünki dövlət ehtiyatını formalaşdırır. Vətəndaşda bu qanun layihəsi tam əminlik yaradacaq. Qiymət şişirdilməsinin qarşısı alınacaq. Dövlət ehtiyatların yaradılması vətəndaşların sosial rifahını yaxşılaşdıracaq. Bununla yanaşı vətəndaş dövlətə inamına da müsbət təsiri olacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, layihə olduğu kimi qəbul edilərsə, bazara daha çevik müdaxilə imkanları yaranır:
“Əslində əvvəlcədən bu istiqamətdə mövcud hüquqi baza var idi. Sadəcə bu həmin hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanmış layihədir. Layihə olduğu kimi qəbul edilərsə, bazara daha çevik müdaxilə imkanları yaranır. Layihənin özünün əhatə dairəsi genişləndirilir. Həm məhsul çeşidlənməsi, həm də monitorinqlərin aparılması nəticəsində xüsusilə strateji ərzaq təhlükəsizliyi baxımından məhsul növləri müəyyən edilir. Monitorinq nəticəsində tələb və təklif pozulması da üzə çıxır. Dövlət ehtiyatlarının fəaliyyəti və qurumların məqsədlərinin konkretləşməsi öz əksini tapır”.
“Özəl sektorunun iştirakı ilə ehtiyatların qısa və orta müddətli formalaşdırılması məsələlərinin əhatə dairəsinin hüquqi əsasları müəyyən edilir.
Məhsulların qiyməti deməzdim ki, aşağı düşəcək. Qanunvericilik bu istiqaməti nəzərdə tutmur. Sadəcə sərt bahalaşmanın qarşısı alınacaq. Strateji əhəmiyyət daşıyan və ərzaq təhlükəsizliyi üçün vacib, istehlak səbətində əhəmiyyətli olan məhsul növləri üzrə müvafiq ehtiyatların yaradılması və bazar tənzimləmələrin aparılmasından söhbət gedir”, – deyə R.Həsənov əlavə edib.
Nəzrin Vahid
www.RIA24.az