Turizmin inkişafı pandemiyadan əvvəlki göstəricilərə qayıdır: Gəlirlər hara xərclənəcək? – ŞƏRH + FOTO

Maraqlı


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 162 min 949 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur. Həmçinin, təkcə sentyabrda ölkəyə gələn turistlərin sayı illik müqayisədə 21% artaraq 158 min 803 nəfərə çatıb.

Rəqəmlərdən görünür ki, bu il ölkəyə gələn turist sayı son bir neçə ilin göstəricilərinə nisbətdə kifayət qədər yüksəkdir.

Bəs maraqlıdır, turizmdən əldə olunan gəlir hansı sahələrə yönəldilməlidir? Hansı turizm bölgələrinin inkişafına diqqət artırılmalıdır?

Bununla bağlı Oxu.Az-a danışan turizm eksperti Ceyhun Aşurov xatırladıb ki, 2023-cü ildə turizm bazarının bərpa olunacağı haqqında proqnozlar özünü doğruldur. Ekspertin sözlərinə görə, 2023-cü ilin axırına qədər turizm statistikası COVID-19 pandemiyasından öncəki dövrün göstəricilərinə 80-90 faiz yaxınlaşacaq:

“2024-cü ildə isə turizm bazarının tam bərpası proqnozlaşdırılır. Əgər sabit şərtlər davam edərsə, dünyadakı turizm aktivliyinin də, Azərbaycana gələn turistlərin də sayında artım davam edəcək. 2019-cu ildə ölkəmizə təxminən üç milyondan çox əcnəbi gəlib. Hazırkı aktivlik davam etdiyi təqdirdə, 2024-cü ildə bu rəqəmin bərpası mümkün olacaq.

Pandemiyadan sonrakı dövrdə müxtəlif səbəblərdən, o cümlədən qiymət artımı səbəbindən turist başına düşən xərclərdə də təxminən 40-50 faizə yaxın artım olub. Bu xərclərin artırılması əslində turizmdən gələn gəlirlərin də artmasına səbəb olub. Amma xərclərin əsas artma səbəbi inflyasiya, enerji daşıyıcılarının qiymətinin artması, nəqliyyat xərclərinin artması və s.-lə əlaqədardır”.

C.Aşurov qeyd edib ki, 2026-cı ilə qədər Azərbaycana təxminən dörd milyon turistin gələcəyi proqnozlaşdırılır və turist sayı artdıqca turizmdən gəlirlərin artacağı gözlənilir:

“Çünki turizm əslində ixrac fəaliyyəti sayılır və turizmin inkişafı nəticəsində ölkəyə xarici valyuta axını olur. Nəticədə, bu sahədə infrastruktur layihələri həyata keçirilir. Düşünürəm ki, Azərbaycanda yerləşmə yerlərinin sayı daha da artırılmalıdır. Hotellər, xüsusən, regionlarda olan hotellər, nəqliyyatın rahat hərəkəti üçün bir çox infrastruktur qurulub, yollar düzəlib, lakin daha da təkmilləşdirilməyə ehtiyac var. Eyni zamanda, burada əsas məsələlərdən biri də bizim hava limanlarımızın səmərəli işləməsini təmin etmək, Bakıdan kənardakı hava limanlarına ucuz hava daşıyıcılarının cəlb olunmasını həyata keçirməkdir.

Ölkəyə daha çox turistlərin gətirilməsi üçün tanıtım daha yüksək səviyyədə olmalıdır. Hazırda bu proses həyata keçirilir. Hətta bir neçə regional mərkəz var ki, orada Azərbaycan turizmini təbliğ edən daimi nümayəndəliklər yaradılıb. Əsas hədəf bazarlarda marketinq strategiyası hazırlanıb. Eyni zamanda, ölkə daxilində də istər hotellərin tikintisi, bu sahəyə xarici investisiyanın cəlb olunması kimi məqamların ön plana çəkilməsi effektiv olacaq”.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir