Astronomlar Kosmik Uebb Teleskopundan istifadə edərək Yupiterin atmosferində əvvəllər məlum olmayan xüsusiyyəti aşkar edə biliblər. Bu, yüksək hündürlükdə Yerdəki 5-ci kateqoriya qasırğalarından daha güclü olan xüsusilə güclü külək zonasıdır.
Bu barədə araşdırma “Nature Astronomy” jurnalında dərc olunub.
Yupiterin Uebb Kosmik Teleskopu tərəfindən çəkilmiş şəkillərinin təhlili göstərdi ki, qaz nəhənginin yuxarı atmosferində, aşağı stratosferdəki buludlardan təxminən 40 km yüksəklikdə, əvvəllər məlum olmayan cərəyan mövcuddur. Burada küləyin sürəti saatda 515 km-dən çoxdur, bu isə Yerdə ən yüksək, beşinci kateqoriyalı qasırğalardan 2 dəfə güclüdür.
Alimlər artıq yaxşı öyrənilmiş kimi görünən planetdə yeni kəşfdən təəccübləndiklərini bildiriblər.
Mütəxəssislər Yupiterdəki cərəyanın ekvatorun üstündə yerləşdiyini və eninin 4800 km olduğunu müəyyən ediblər. Yeni kəşf qaz nəhənginin atmosferinin müxtəlif təbəqələrinin necə qarşılıqlı əlaqədə olduğunu anlamağa imkan verir.
Yupiter Yerdən çox fərqli olsa da (ən azı ölçüsünə və qaz nəhəngi olmasına, planetimizin isə qayalıq dünya olmasına görə), onları çoxqatlı atmosferin olması birləşdirir. Əvvəlki müşahidələr artıq atmosferin aşağı qatında nəhəng tufanların və donmuş ammonyak buludlarının olduğunu göstərib.
Alimlər hesab edirlər ki, Yupiter atmosferinin müxtəlif təbəqələrində küləyin sürəti planetin ekstremal hava şəraitinə səbəb olur.
Hazırda alimlər qaz nəhənginin atmosferinin müxtəlif təbəqələrində küləklərin hansı xüsusiyyətlərə malik olduğunu dəqiq öyrənmək üçün yeni müşahidənin nəticələrini əvvəlki tədqiqatların nəticələri ilə müqayisə etmək istəyirlər. Tədqiqatın müəlliflərinin sözlərinə görə, onlar Yupiterdə əlavə müşahidələr aparmaq, aşkar edilmiş cərəyanın sürətinin və ölçüsünün zamanla dəyişib-dəyişmədiyini də öyrənmək istəyirlər.
www.RIA24.az