Qobustana səfər edən rusiyalı səyahət bloqeri Fyodr Kozır ölkəmizə və insanlarımıza heyran qalıb. Bununla bağlı öz təəssüratlarını özünün sosial şəbəkə hesablarında bölüşüb.
Səyyahın sözlərinə görə, səfər üçün bu qəsəbəni seçmək məqsədi palçıq vulkanları olub:
“Bu yer milli parkı ilə məşhurdur. Ancaq bura elə belə yer deyil – əsl palçıq vulkanların olduğu parkdır. Dünyada belə palçıq vulkanlarının sayı 800-ə yaxındır. Bunlar hündürlüyü 1-2 metrdən bir neçə yüz metrə qədər olan və palçıq püskürən dağlardır. Ən maraqlısı odur ki, dünyadakı bütün palçıq vulkanlarının yarısı – 400-ə yaxını Azərbaycanda yerləşir. Hamısı da Qobustanın yaxınlığındadır. Qəsəbəyə məhz bu vulkanlar üçün gəlmişik”.
Bundan sonra o, petroqliflər (qədim qayaüstü rəsmlər) barədə danışıb, həmçinin Qobustanın coğrafi mövqeyindən və təbiətindən söz açıb.
Bloqerin sözlərinə görə, bir neçə saatlıq gəzinti və uzun yol onları acdırıb, bu səbəbdən qəsəbəyə qayıtmaq qərarına gəliblər. Burada isə o, “sub-way”i (sendviçin hazırlandığı yeməkxanalar şəbəkəsi) xatırladan yeməkxanada olub.
“Amma sendviç əvəzinə Qobustan yeməkxanasında şaurma, daha dəqiq desək, dönər hazırladılar. Azərbaycanda bu, çox məşhur yeməkdir – məsələn, bizim piroqlar və ya belyaşi kimi. Beləliklə, dönər ət və ya kolbasa ilə hazırlanır, əlavə olaraq pomidor, xiyar, bibər, göbələk, cəfəri və şüyüd qoymaq olur. Seçmək üçün bir neçə sous da var idi. Dönər özü də bir neçə növdə – lavaşda və çörəkdə təklif olunur. Onların necə hazırlandığını müqayisə etmək və hansının daha dadlı olduğunu anlamaq üçün xüsusi olaraq bütün növlərdə sifariş etdik. Kolbasa əvəzinə isə təmiz ət seçdik. Mal əti və ya toyuq seçimi də var idi. Yeri gəlmişkən, ət təzə idi – düz bu yeməkxananın yanında kəsilmişdi. Kənddə hər şey həmişə əlçatan və təzədir. Yeməklərimiz bir neçə dəqiqə ərzində bizim üçün hazırlandı. Naharda çay, limon və mürəbbə də təklif etdilər – bu, sırf Azərbaycan qonaqpərvərliyidir”.
Səyyah çay süfrəsi üçün onlardan pul alınmadığını vurğulayıb:
“Biz yalnız əsas yeməklərin pulunu ödəmişik – adambaşına bir dollar. Bizim pulumuza çevirsəniz, təxminən 100 rubl olduğu ortaya çıxır. Özü də bu hər şaurmanın içində 300-400 qram ət olmasına baxmayaraq, bu qiymətədir! Dadına gəlincə, bütün yeməklər yaxşı evdə hazırlanmış şam yeməyini xatırladır. Göyərtinin dadı öz işini gördü – elə bil evdə cəfəri ilə borş yeyirsən. Mən heç vaxt təzə göyərtilərin şaurmaya qoyulduğunu görməmişdim. Adətən xiyar, pomidor və soğan əlavə edilir. Ümumiyyətlə, nə gizlədim, əlavə birini də istədim. Əbəs yerə deyil ki, bu Qobustan şaurması bütün Azərbaycanda məşhurdur – deyirlər ki, bu, ən dadlıdır. Ancaq burada təəccüblü nə var ki – təzə ət, təzə tərəvəz və təmiz hava…” – deyə bloqer təəssüratlarını bölüşüb.
Mənbə: Lenta.ru
www.RIA24.az