İctimai-sosial verilişin efirində ötən gün qalmaqal yaşanıb. Proqrama problemi ilə bağlı müraciət edən şəxslə ekspert arasında mübahisə düşüb. Hətta əlbəyaxa davaya çıxıblar. Nalayiq ifadələr səsləndirilib. Bu məqamlar canlı efirdə də yayımlanıb.
Bəs görəsən, efir qaydalarına riayət etməyən şəxsi verilişə dəvət etmək nə dərəcədə doğrudur? Yoxsa, bu qalmaqal efirlərin də xeyrinədir? Ümumiyyətlə efir mədəniyyətində nələrə riayət olunmalıdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin sözlərinə görə, proqramların yaradıcı heyətləri mövzularına uyğun olaraq ekspert dəvət etməkdə sərbəstdirlər:
“Açığı dediyiniz məsələdən xəbərsizəm. Həmin epizodlara baxmamışam. Lakin prinsip etibarilə istənilən televiziya və radio, o cümlədən teleradioda proqramların yaradıcı heyətləri mövzularına uyğun olaraq ekspert dəvət etməkdə sərbəstdirlər.
Ekspert dediyimiz şəxsin cəmiyyətdə fikirlərinin bəlli bir dəyəri olmalıdır. Ekspert, mütəxəssis deməkdir. Həm akademik karyeri, həm də praktik bilgiləri olan şəxsə mütəxəssis deyilir. Ona görə də, proqram rəhbərləri özünə ekspert deyənləri yox, mütəxəssisləri mövzuya uyğun dəvət etməlidirlər. Onlar nə qədər müstəqil olsalar da, tamaşaçılar qarşısında məsuliyyəti nəzərə almalıdırlar.
Təbii ki, həm etik, həm də hüquqi məsuliyyəti nəzərə alıb elə şəxs mütəxəssis-ekspert kimi dəvət edilməlidir ki, ondan izləyicilər faydalansın”.
Ə.Məmmədli qeyd edib ki, ekspertlərin dilə gətirdiyi fikirlər cəmiyyət üçün zəruridir:
“Onların fikirləri cəmiyyəti yanlış nəticələrə aparıb çıxara bilər. Bunun da bərpası çox çətin olar. Efirdə dedikləri sözün, davranışların məsuliyyəti sadəcə özləri və proqram üçün deyil, bütün cəmiyyət üçün zəruridir. Bu baxımdan hər nə qədər sərbəst ekspert təyin etmək imkanı olsa da, proqramlar həssas məsələləri nəzərdə saxlamalıdırlar.
Efir mədəniyyəti, televiziya və radioların, o cümlədən ümumiyyətlə, kütləvi yayılan bütün informasiya resurslarının ən ciddi əməl etməli olduğu prinsiplər sırasındadır. Bu, həm verilişdə iştirakçılara, həm aparıcıya, həm də qonağa aiddir. Hüquqi və etik qaydalara riayət olunmalıdır”.
Media hüququ üzrə mütəxəssisin fikrincə, efirə dəvət olunan şəxs etik və hüquqi məsuliyyəti bilməlidir:
“Efirə dəvət olunan şəxs etik və hüquqi məsuliyyəti bilməlidir. O, izləyici qarşısına çıxır. İzləyicilər ən azından şəxsə etimad edib proqramı izləyirlər. Bununla yanaşı onu övladı, ailəsi izləyir. Ona həm milli-mənəvi dəyərlər, həm də şəxsi hüquqlarının qorunması baxımından zərər verə biləcək heç bir şey olmamalıdır.
Yeni Media haqqında Qanunun dördüncü maddəsində proqramlara verilən tələbə görə, konkret olaraq yayımçıların üzərinə qoyulan öhdəliklər var. Bu da müxtəlif hüquqi, inzibati, mülki məsuliyyət yaradır, hətta cinayət məsuliyyəti də yarada bilir. Yəni bütün bunları nəzərə almaq lazımdır.
Hüquqi baxımdan ayrıca onu da deyim ki, bununla bağlı dövlətin özünütənzimləmə funksiyası var. Dövlət teleradio sahəsini tənzimlənən sahə olaraq görür. Bu sahədə lisenziyalaşdırma fəaliyyəti həyata keçirir. Bununla bağlı Audiovizual Şura deyilən rəsmi bir şura var ki, bu şurada həm televiziya və radiolarda olan kontent – məzmun məsuliyyəti daşıyır, həm də onların hüquqa uyğun şəkildə fəaliyyət göstərməsinə nəzarət edilir.
Bu baxımdan, əgər mövzuda, kontentdə bir problem yaranıbsa, bununla bağlı həmin televiziyaların lisenziya şərtləri pozulmuş anlamına gəlir. Lisenziya qaydalarına görə də, bunlar bir neçə dəfə təkrarlanarsa, şura hətta lisenziyanın geri alınması və fəaliyyətinin dayandırılmasına qədər tələblərlə məhkəməyə müraciət edə bilər. Şuranın səlahiyyətindədir. Odur ki, əgər burada sözügedən formatda bir hadisə baş veribsə, həm də Audiovizual Şura tərəfindən inzibati cəzalandırılma barədə yaxın günlərdə eşitməlisiniz”.
Nəzrin Vahid
www.RIA24.az