ABŞ Ornitologiya Cəmiyyəti (AOS) quşlara insanlarla əlaqəli ad verməyi dayandıracağını açıqlayıb.
Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Bildirilir ki, gələn il AOS ABŞ və Kanadada tapılan təxminən 80 quş növünün adını dəyişməyə başlayacaq.
AOS qeyd edib ki, onlar hər bir işə ayrı-ayrılıqda baxmayacaqlar, ümumi prinsip əsasında hərəkət edəcəklər.
Yeni adlar alacaq quşlar sırasına 19-cu əsrin təbiətşünası Aleksandr Uilsonun adını daşıyan Uilson qamışquşu (“Wilson’s warbler”) və Uilson cüllütü (“Wilsons Snipe”) daxildir. Görkəmli ABŞ təbiət tədqiqatçısı və rəssamı Con Ceyms Odyubonun adını daşıyan Odyubon fırtınaquşunun (“Audubons shearwater”) da adı dəyişdiriləcək.
“Adda güc var və bəzi ingilis quş adları bu gün də zərər verən keçmişlə əlaqələndirilir. Quşları sevən və onlara qayğı göstərən hər kəs onlardan həzz almaq və öyrənməkdə azad olmalıdır”, – deyə AOS prezidenti Kollin Handel bildirib.
Quşların adının dəyişdirilməsi və insanlarla əlaqəli adların verilməsindən imtina edilməsi müəyyən quş növlərini kəşf etmiş bəzi tədqiqatçıların tərcümeyi-halından gələn faktlarla bağlıdır. Məsələn, 18-19-cu əsrlərdə yaşamış Con Ceyms Odyubonun şəxsiyyəti ilə bağlı iddialar onun ailəsinin keçmişdə kölə sahibi olması ilə əsaslandırılır.
Mənbə: Gazeta.ru
www.RIA24.az