Meksika Konqresinə təqdim edilən “yadplanetli” mumiyaların həqiqi olduğu müəyyən edilib. Bu barədə uçan naməlum obyektlər (UNO) və yerdənkənar sivilizasiyalar mövzusunda ikinci görüşdə danışılıb.
Birinci görüşdə hökumət nümayəndələrinə bir cüt “yerdənkənar varlıqlar” təqdim edən ufoloq Xayme Mossan tədqiqatçıların rəyinə əsaslanaraq onların real olduğunu iddia edib.
Dörd il ərzində nümunələri tədqiq edən meksikalı antropoloqlar canlıların real olduğunu vurğulayıblar.
“Bununla belə, bu, onların yadplanetli olduğu anlamına gəlmir. Ehtimal ki, patologiyanın təsiridir”, – deyə onlar əlavə ediblər.
Argentinalı cərrahlar isə cəsədlərin analizlərini və şəkillərini öyrəndikdən sonra bunların indiki insanların daha təkmil variantı olduğunu bildiriblər.
Xatırladaq ki, mumiyalar Perunun Kusko şəhərində mədənlərdə fosilləşmiş yosun təbəqəsində aşkar edilib. Meksika Milli Muxtar Universitetində aparılan karbon analizi onların ən azı 1000 yaşında olduğunu göstərib. Onların genetik quruluşu insanlarınkından 1/3 qədər fərqlənir.
Mənbə: “O!news” “Telegram” kanalı
www.RIA24.az