2023-cü il güləş üzrə dünya çempionatının nəticələri ilə bağlı maraqlı hadisə yaşanıb. Belə ki, Dünya Güləş Federasiyası (UWW) yunan-Roma güləşi üzrə finalda türkiyəli atlet Ali Cengizə də, ona məğlub olan macarıstanlı David Loşontsiyaya da qızıl medal verib.
İstisnaya səbəb kimi yarışda hakim səhvi iddiası olub.
Bildirilir ki, güləş üzrə dünya çempionatı bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilib. Həmin vaxt Ali Cengiz rəqibinə 8-7 hesabı ilə qalib gələrək dünya çempionu olub. Lakin görüşün nəticəsindən narazı qalan Macarıstan Güləş Federasiyası finalla bağlı şikayət edib. Təşkilat üzvləri yunan-Roma güləşinin final matçının nəticəsi də daxil olmaqla, bir çox məsələni nəzərdən keçirmək üçün İsveçrədə toplaşıblar. Nəticədə UWW rəsmiləri hakimin ciddi səhvə yol verdiyi qənaətinə gəliblər.
“Hakimin səhvinin danılmaz olduğunu nəzərə alaraq UWW istisna olaraq Loşontsiyaya bu kateqoriyada ikinci qızıl medalın verilməsi və onun da dünya çempionu elan edilməsi barədə qərar qəbul edib”, – deyə təşkilatın açıqlamasında bildirilir.
O da vurğulanır ki, bu qərar güləş tarixində bir ilk olub.
Mənbə: Anadolu Agentliyi
www.RIA24.az