Bakıda dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbir dekabrın 3-də Nizami Kino Mərkəzində olacaq.
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədovanın Oxu.Az-a verdiyi məlumata görə, tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq:
“Tədbirdə “Walt Disney Feature Animation” tərəfindən istehsal olunan musiqili döyüş-macəra filmi “Mulan” (1998) nümayiş etdiriləcək. Bilet almaq istəyənlərin nəzərinə çatdırırıq ki, noyabrın 30-na qədər bilet alanlar üçün qiymət 5 manatdır, noyabrdan sonra isə qiymətlər 8 manat olacaq”.
Məlumat üçün qeyd edək ki, 1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə ABŞ animasiyasında liderə çevrilib. Şirkətin ilk böyük uğuru 1928-ci ildə yayımlanan, bu gün də sevə-sevə izlənilən “Mickey Mouse” cizgi filmidir.
İlk tammetrajlı animasiya filmi “Ağca və yeddi cırtdan” isə 1937-ci ildə animasiya dünyasında inqilab edib. Hazırda “Disney” – personajları, əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.
Aytac Qasımova
www.RIA24.az