“Benksy” təxəllüslü məşhur anonim rəssam və siyasi fəalın nəhayət ki, adı məlum olub. Britaniya Yayım Korporasiyası (BBC) keçmiş müxbiri Naycel Rençin küçə rəssamı ilə 2003-cü ildə itirilmiş müsahibəsini bərpa edib, həqiqət də burada ortaya çıxıb.
Orijinal lent BBC Radiosunda yayımlanmaq üçün redaktə edilib və bu ilin iyulunda yayımlanan “The Banksy Story” seriyasında istifadə olunub.
Rençin dediyinə görə, bundan sonra o, tam orijinal lentə yenidən baxmağa həvəslənib və rəssam haqqında heç vaxt istifadə olunmayan çox sayda gizli məlumatları kəşf edib.
Onilliklər boyu anonimliyini qoruyan məşhur rəssamdan müsahibə 2003-cü ildə “Radio 4” üçün “Turf War” sərgisinin quraşdırılması zamanı alınıb. Müxbirlə söhbəti zamanı “Banksy” ilk dəfə adını təsdiqləyib.
Belə ki, Renç “The Independent”in bundan əvvəl istifadə etdiyini əsas gətirərək, rəssamdan müsahibəyə əsl adını daxil etmək üçün icazə istəyib və onun adının həqiqətən də Robert Benksi olub-olmadığını təsdiqləməsini xahiş edib. “Robbi”, – deyə rəssam cavab verib.
Qeyd edək ki, “Banksy”nin kimliyi uzun illər sənət dünyasını maraqlandırır. Sənətçi nadir hallarda müsahibə verir ki, bu da daha böyük maraq doğurur.
2003-cü ildə “The Guardian”a verdiyi müsahibədə rəssam gündəlik geyimdə – cins şalvar, köynək, gümüş zəncir və gümüş sırğa taxmış, gümüş dişli, ağdərili, cılız bir adam kimi təsvir edilib. “O, “Streets” qrupundan Cimmi Neyl, ya Mayk Skinnerə bənzəyir”, – deyə məqalədə qeyd olunub.
Son 20 il ərzində “Banksy”nin kimliyi müxtəlif məşhurlara aid edilib. Onların arasında “Massive Attack” trip-hop qrupunun yaradıcısı Robert Del Naya da var. “Gorillaz” qrupunun və “Tank Girl” komiksinin qurucusu Ceymi Hyulett də anonim rəssam ola biləcəyi deyilib.
Bristollu rəssam şəxsiyyətini açıqlamaqdan imtina etdiyi üçün 2021-ci ildə bir sıra əsərləri üzərində intellektual hüquqlarını itirib.
Mənbə: daily.afisha.ru
www.RIA24.az