“Çirkli pulların yuyulması” və “vergidən yayınma” ittihamları ilə həbs olunan türkiyəli məşhur sosial media fenomenləri Dilan və Engin Polatın rəhbərlik etdiyi gözəllik mərkəzlərinin Türkiyədəki bəzi filialları bağlanıb.
Oxu.Az xəbər verir ki, cütlüyün həbsindən sonra “Dilan Polat” gözəllik mərkəzinin Azərbaycanda fəaliyyət göstərən filialının da bağlanacağı haqqında şayiələr yayılmışdı.
Türkiyədə cütlüyə qarşı cinayət işinin açılmasından sonra şirkətlər zəncirinin Sivas və Kipr şöbələrinin ləğv edildiyi, Ərzurum şöbəsinin isə işçilərinin əksəriyyətinin ərizə yazaraq, işdən çıxdığı haqqında məlumatlar yayılmışdı.
Oxu.Az-ın araşdırmasına əsasən, “Dilan Polat” gözəllik mərkəzinin Azərbaycan şöbəsi isə fəaliyyətini davam etdirir. Bakıda yerləşən mərkəzin sosial şəbəkə hesabları aktiv istifadə edilir, görüş təyin olunur, aparılan prosedurlar paylaşılır.
“Dilan Polat” Azərbaycanda araşdırılma aparılıb-aparılmadığına gəlincə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Bakıda fəaliyyət göstərən “Dilan Polat estetik & güzellik” mərkəzi haqqında xüsusi bir araşdırma aparılması barədə onlarda məlumat yoxdur.
Xidmətin bildirdiyinə görə, ümumiyyətlə, bir qayda olaraq sahibkarlıq subyektinin fəaliyyətində, vergi ödənişlərində hər hansı hüquqpozma halları və ya risk yaradan amillər olarsa, bu halda araşdırma predmeti ola bilər.
Aysel Aslan
www.RIA24.az