“Tektonik aktivlik 2024-cü ildə də davam edəcək”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, elmlər doktoru, dosent, geofizik, seysmoloq Qulam Babayev deyib.
Onun sözlərinə görə, bu il seysmik aktivləşmə kəskinləşib:
“İyul ayının 4-də də Bakıda zəlzələ hiss olundu. Kəskin şəkildə tektonik aktivləşmə dövrünü yaşayırıq. 2023-cü ilin sonuna qədər davam edəcək. 2024-cü ildə də olacaq.
Zəlzələnin bir neçə növü var. Biz hiss olunan zəlzələni yaşayırıq. Onsuz da hər gün kiçik zəlzələlər olur. Bunu insan hiss etmir. Bu gün isə hiss olunan zəlzələ baş verdi”.
Seysmoloq afterşokların olacağını qeyd edib:
“İlk saatlarda ətraf ocaqlarda afterşoklar olacaq. Maqnituda balı təyin olunacaq. 3-3.5 bal gücündə ola bilər. Lakin bu hiss oluna da bilər, olunmaya da. Hiss olunan zəlzələnin baş verməsi istisna deyil.
Xəzər dənizi nəhəng tektonik bölgədir. Tektonik piltələr, meqabloklar, minibloklar bir-biri ilə əlaqədədir. Xəzər dənizinin digər ocaqları aktivləşə bilər. 2023-cü ildə ocaqlar artıq oyanıb, kəskin hərəkətdədirlər. Kəskin hərəkətdə olma prosesi davam edəcək. Bu qaçılmazdır. Mərkəzi və Cənubi Xəzər aktivləşə bilər. Hiss olunan zəlzələlər Azərbaycanda qaçılmazdır. Bu ilin axırı, həmçinin 2024-cü ildə də davam edəcək”.
Q.Babayevin sözlərinə görə, zəlzələ ilə bağlı maarifləndirmə olmalıdır:
“Zəlzələ haqqında maarifləndirmə olmalıdır. Müəyyən qaydalar var. Onlara əməl edilməlidir. Türkiyədə baş verən zəlzələdən sonra insanlar daha çox qorxmağa başladılar. Ümumiyyətlə, biz nəhəng bir meqablokun üzərində yerləşirik. Bu, Xəzərdən Türkmənistana qədər uzanır. Kiçik qırılmalar olur. Aktiv kəskinləşmə növbəti ildə də olacaq”.
“Dəfələrlə demişəm. Bu il də deyirəm. Bakı şəhəri üçün seysmik risk xəritənin tərtib olunmasının zamanı çoxdan gəlib çatıb. Bu, yüngül bir yanaşma deyil. Bir neçə amilləri ehtiva edir. Buna seysmik təhlükənin qiymətləndirmə parametrləri, əhalinin sıxlığı, binaların və ərazinin qiymətləndirilməsi aiddir. Bununla bağlı illik dövlət proqramları olmalıdır. Seysmik xəritə ilə bağlı kifayət qədər biliklərim və təcrübəm var”, – deyə Q.Babayev əlavə edib.
Nəzrin Vahid
www.RIA24.az