“Sırf həyatımı dəyişmək, öz ayağımın üstündə dayanmağı bacarmaq üçün badmintonla məşğul olmağa başladım”.
Bu sözləri Oxu.Az-a müsahibəsində 12 yaşlı parabadmintonçu Zəhra Salmalı deyib.
Müsahibəni təqdim edirik:
– Zəhra, öncə özünüz haqqında danışmağınızı istərdim. Necə oldu ki, bu idman növü ilə məşğul olmaq qərarı verdiniz?
– 2011-ci il noyabrın 15-də anadan olmuşam. 12 yaşım var. Mənim hər zaman idmana həvəsim olub. İki il gimnastika və üzgüçülüyə getmişəm. Amma bu idmana gələndə belə bir idman növünün olduğunu, ümumiyyətlə, bilmirdim. Xəbərim belə yox idi.
Anamın rəfiqəsinin övladları badmintonda millimizin üzvüdürlər. Mənə də təklif etdilər. Belə bir idman növü olduğunu bildirdilər. Badminton ilə həyatımı dəyişə biləcəyimi dedilər. Badmintona gəlişim belə oldu.
– Zəhra badmintona sırf həyatını dəyişmək üçünmü qatıldın?
– Bəli, sırf həyatımı dəyişmək üçün gəldim. Məşhurlaşıb, öz ayağımın üstündə dayanmağı bacarmaq üçün badmintona üz tutdum.
– Səhv etmiriksə, 11 ay olacaq ki, badmintonla məşğulsunuz. İlk başladığınız günü necə xatırlayırsınız?
– İlk gəldiyim günü dünən kimi xatırlayıram. Yanvar ayının 14-də bura gəldim. Başqalarının oyununa baxanda deyirdim ki, “mən bu oyunu necə bacaracağam? Oynaya biləcəyəmmi?” Bu kimi suallar yaranmışdı. İlk baxışdan çətin gəldi.
– Əvvəldə sizin üçün çətin olduğunu söylədiniz. Alışmağınız çox uzun zaman aldı?
– Düzdür, çətinliklərim çox olub. Lakin çox tez bir zamanda öyrəşdim. Xüsusən də həvəsim mənə daha çox yardımçı oldu.
– Ən böyük dəstəkçiniz kim olub?
– Ən böyük dəstəkçim anam olub. Ona təşəkkürümü bildirirəm. Sağ olsun. Anam həmişə arxamda olub. Deyib ki, “Zəhra, sən bunu bacaracaqsan. Bunu edə bilərsən”. Məni idmana gətirib, aparan da anamdır. Hər zaman yanımda olur.
– Yeniyetməsiniz, badmintonla peşəkar səviyyədə məşğul olmağı düşünürsünüzmü?
– Mən Nizami rayonu 32 nömrəli tam orta məktəbin 7-ci sinfində təhsil alıram. Mən həm təhsilimi, həm də idmanı davam etdirməyi düşünürəm. Hədəfim həkim olmaqdır. Endokrinoloq olmaq ən böyük arzumdur. Çünki mən xəstələri sağaltmaq istəyirəm. Mənim öz həkimim də endokrinoloqdur. Ona görə sırf endokrinoloq olmaq istəyirəm.
– Yarışlarda iştiraka hazırsınızmı?
– Parabadminton üzrə hələ ki, yarışlar təyin olunmayıb. Biz Azərbaycanda ilk sayılırıq. Bu günə qədər olmayıb. 2022-ci ildə parabadminton yarandı. Yarışlar təşkil olunmayıb. Özümə çox güvənirəm. Lakin stres yaşayıram. Ayağımın büdrəyəcəyindən ehtiyat edirəm. Bəzən yıxılmaqdan qorxuram.
– Badminton sizi üçün nəyi ifadə edir? Başladığın andan bu günə nə kimi fərqlər var?
– Badminton həyatıma çox rəng qatdı. Əyləncəli bir idman növüdür. Həyatımı dəyişə biləcəyini bilirəm. Sırf maraq və əyləncəni daha çox kəsb edir. Gələcəyimə işıq saçağını bilirəm. Bundan əminəm.
– Badmintonda əsas rolu nə oynayır?
– Əsas çeviklik rol oynayır. Vurulan topların (badmintonda volan adlanır) qarşısını almalısan.
– Heç olubmu rəqibinizdən ehtiyat edəsiniz?
– Məğlub olmağı ağlıma belə gətirmirəm. İstəyirəm ki, hər zaman qalib olum. Məndən başqası yoxdur. Özgüvənim yüksəkdir. Məğlub olmağım qətiyyən mümkün deyil. Hər zaman qalib olmağı düşünürəm.
– Sizcə, badmintona maraq ölkəmizdə hansı səviyyədədir və bu idmanla məşğul olmaq insanlara nə qazandırır?
– Ölkəmizdə düşünürəm ki, tələbat normal səviyyədədir. Sadəcə işanlar daha çox maraq göstərməlidirlər. Çünki həyatlarını dəyişə bilərlər. İnsanların özlərinə inamını artıra bilər.
– Ölkəmizi Avropada təmsil etməyi düşünürsünüzmü?
– Bəli, müəllim deyib ki, 2028-ci ildə keçirilən Yay Olimpiya Oyunlarına qatıla bilərəm. Ona hazırlaşıram. Müəllim deyib ki, “Zəhra, belə davam etsən, səni göndərəcəyəm”. Ölkəmizi təmsil etmək çox gözəl bir hiss olar. İstəmişəm ki, bayrağımızı hər zaman qaldırım. Lakin bu, çox asan iş də deyil. Çox məşğul olmalıyam. Məğlubiyyəti də düşünmürəm. İnşallah, 2028-ci ildə Azərbaycana qızıl medalı gətirərəm.
– Ailənizdə idmanla məşğul olan var?
– Xeyr. Lakin atamın idmana həvəsi var. Bu həvəs elə atamdan mənə keçib. Parapauerliftinqçi Pərvin Məmmədovdan da özümə örnək götürmüşəm. O məndə daha çox həvəs yaratdı. Motivə etdi. Düşündüm ki, insan istəsə, hər şeyi bacarar.
– Bundan sonrakı planlarınız nədir?
– Mənim həyatım yarış üzərində qurulub. Saniyə ilə hər şeyi edirəm. Yarışlarda səbirsizliklə iştirak etməyi gözləyirəm. 2028-ci il Olimpiadasında iştirak qismət olsa, buraxılış imtahanlarım ilə üst-üstə düşəcək. Heç birini buraxmaq istəmirəm. Ölkəmizə qalib olaraq qayıdaram. Bir il sonra Tibb Universitetinə imtahan verərəm.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.RIA24.az