2024-cü ilin populyar səyahət seçimləri – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Maraqlı


Turistlər səyahət planlaşdırarkən adətən tətil seçimlərindən asılı olaraq istiqamət müəyyənləşdirirlər. Bu halda təhlükəsizlik mühüm parametr hesab olunur. Yaxşı səyahət üçün əsas meyarlardan biri getdiyin ölkədən sağlam və təbii ki, yalnız müsbət emosiyalarla qayıtmaqdır. Səyahət üçün ölkə seçiminə yanlış yanaşma çoxdan gözlənilən tətili məhv edə bilər. Televiziya xəbər lentlərində tez-tez sosial iğtişaşlar, terror və təbii fəlakətlərlə bağlı xəbərlər, əslində, insanları xəbərdar edir. Xaricə istirahətə gedənlər, çətin ki, belə hadisələrin iştirakçısı olmaq istəsinlər. Bu baxımdan, bir neçə vacib meyarı qiymətləndirərək səyahət üçün düzgün ölkəni seçmək mütləqdir. Hər bir ölkənin də öz xüsusiyyətləri var. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Təhlükəli və təhlükəsiz ölkələr qrupu var 

Hər il Dünya İqtisadi Forumunun ekspertləri ziyarət üçün ən təhlükəsiz olan ölkələri müəyyənləşdirirlər. Ancaq bu cür reytinqlər çox fərqli ola bilər: əsasən, kriminal vəziyyət gərgin olan, silahlı münaqişələrin baş verdiyi, epidemiya və digər fövqəladə hallar riskinin yüksək olduğu bölgələrə səyahət tövsiyə olunmur. Həmçinin, tibbi xidmətin səviyyəsi, yerli nəqliyyat qəzaları və küçə cinayətləri kimi indekslər də nəzərə alınır. 

Hazırda çətin siyasi vəziyyətlə əlaqədar dünyanın müxtəlif yerlərində turistlərin həyatı üçün artan müxtəlif risklər mövcuddur. 

2024-cü ildə səyahət üçün ən riskli və təhlükəsiz ölkələrin bu günlərdə açıqlanan siyahısı isə səyahətçilərə səfər edəcəkləri ölkələri bir daha dərindən araşdırmağa, tətil üçün kortəbii qərarlar qəbul etməməyə əsas verir. Belə ki, “İnternational SOS” şirkətinin təhlükəsizlik, iqlim dəyişikliyi, sağlamlıq və sabitlik baxımından qiymətləndirdiyi vəziyyət ölkələri təhlükəli və təhlükəsiz kateqoriyalarına bölüb. Məlumata görə, 2024-cü ildə səyahət üçün ən təhlükəsiz ölkələr Danimarka, İsveçrə, Norveç, İslandiya və Lüksemburqdur. Cənubi Sudan, Somali, Əfqanıstan, Liviya və Suriyaya səyahət etməksə tövsiyə olunmur…

Bəs təhlükəsizliyimizə və xoş səyahət təcrübələrinə əmin olmaq üçün səyahət edəcəyimiz ölkəni necə seçməliyik? 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanov bildirib ki, əslində, bir çox dövlətlərin xarici işlər nazirlikləri hansı ölkələrə getməyin təhlükəli olduğunu öz vətəndaşlarına bildirirlər:

“Aydın məslədir ki, müharibə olan ölkələr tövsiyə olunmur. Bizdə də rəsmi orqanlar öz vətəndaşlarımız üçün belə məlumatı paylaşırlar. Biz də assosiasiya olaraq öz xəttimizlə və üzv turizm şirkətləri vasitəsilə müştərilərə bu cür ölkələrə səyahət etməyi tövsiyə etmirik. Bununla belə, yenə də seçim müştərilərindir. Biz onların qərarlarına tam olaraq müdaxilə edə bilmirik. Tövsiyələr isə verilir və mediada, sosial mediada bu barədə paylaşılır”.

Səyahət üçün yaxşı imkanlar yaranıb

Tanınmış teleaparıcı, səyahət bloqeri Mirsəməd Cəfərlinin sözlərinə görə, açıqlanan təhlükəsiz ölkələr siyahısında yer almayan ölkələrə də getmək mümkündür:

“Siyahıda ilk sıralarda Avropa dövlətləri qeyd edilib. Amma cənub-şərqi Asiyada, yaxın Şərqdə də kifayət qədər sakit, kriminaldan uzaq, təhlükəsizliyi tam təmin olunmuş ölkələr var. Məsələn, turistlər Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman kimi hazırda turizmini inkişaf etdirən ölkələrə səyahət edirlər. Əlbəttə, səyahət zamanı əsas meyar kimi təhlükəsizlik indeksi nəzərə alınmalıdır.  Məsələn, Sudan kimi ölkələrə heç kəs səyahət etmək istəməz.

Həmçinin, siyahının ilk sırasında yer almayan bir sıra başqa təhlükəli dövlətlər də var. Məsələn, elə ölkə var ki, orada dövlət çevrilişləri baş verib və vaxtilə orda turizmin ilk işartıları və infrastrukturu olsa da, hazırda heç bir şərait yoxdur. Bu il səyahət etdiyim Afrika ölkəsində vaxtilə turizm üçün şərait yaradıldığını, amma dəyişən ictimai-siyasi vəziyyətin öz şərtlərini diktə etdiyinin və turistlərin artıq ora getmədiyinin canlı şahidi oldum”.

Bloqer hesab edir ki, 2024-cü ildə səyahət üçün yaxşı imkanlar var:

“Bir sıra aviaşirkətlər artıq Azərbaycanda işləməyə başlayıb. Əbu-Dabiyə, Budapeştə və Romaya münasib qiymətə uçuşlar var ki, həmin ölkələrdən Yaxın Şərqə, Asiya və Afrika ölkələrinə tranzit kimi də istifadə etmək olar. İtaliya çox maraqlı marşrutdur. Viza alınmasında problemlər olsa da, təyyarələr boş uçmur. İnsanlar İtaliyaya, oradan başqa yerlərə uça bilirlər”. Səyahətçi hesab edir ki, səyahət xəritəsini genişləndirmək üçün fərqli ölkələr seçmək lazımdır: “İnsan bir ölkəni gördüsə, ikinci dəfə getməyə lüzum bilmir. Mən bu prinsiplə səyahət edirəm. Çalışıram ki, yeni ölkələrə səyahət edim, yeni yerlər görüm. Xüsusən rahat marşrutlar olan ölkələrə üstünlük verirəm”. 

Rusiyaya da səyahət üçün müraciətlər azalıb

Turizmçi Sürayyə Axundova bildirib ki, bizim turistlər, əsasən, Avropa ölkələrinə – İspaniya, İtaliya, Fransa, Çexiya, Avstriyaya, Asiya ölkələrindən isə Tailand, İndoneziya, Şri-Lankaya üstünlük verirlər. 2024-cü il üçün də seçimlər eynidir. Türkiyənin şəhərləri isə insanlarımızın seçimləri arasında həmişəki kimi birinci yerdədir.

S.Axundovanın sözlərinə görə, artıq riskli ölkələr siyahısında olan Rusiyaya da səyahət üçün müraciətlər azalıb:

“Risk qrupuna daxil olan ölkələrə adətən gənclər can atırlar. Biz isə müştərilərimizə risk qrupuna daxil olan ölkələr haqqında həmişə məlumat veririk. Onlar özləri də səyahət etmək istədikləri ölkələr haqqında məlumatları əvvəlcədən araşdırsalar, yaxşıdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir