Şimali Koreyada 16 yaşlı iki gənc Cənubi Koreya filmlərinə baxdıqları və musiqilərini (“k-pop”) dinlədiklərinə görə 12 il müddətinə katorqa cəzasına məhkum edilib.
Bu barədə BBC “South and North Development” (SAND) tədqiqat institutunun təqdim etdiyi videoya istinadən yazır.
Görüntülərdə açıq məhkəmə prosesi əks olunub. Kadrlarda boz paltolu iki yeniyetmənin əlləri qandallanır.
Kadrların 2022-ci ilə aid ola biləcəyi düşünülür. Yeniyetmələr də daxil olmaqla, orada olan hər kəsin maska taxması görüntülərin COVID-19 pandemiyası zamanı lentə alındığı ehtimalına əsas verir.
Videoda yeniyetmələrin “səhvlərini dərk etmələri” üçün stadiona toplaşan insanların qarşısında danlandıqları əks olunub.
Əvvəllər Cənubi Koreya filmlərinə baxmaq və “k-pop” dinləmək qadağasını pozan yeniyetmələr beş ildən çox olmayan cəza ilə gənclərin əmək düşərgələrinə göndərilirdilər. Ancaq 2020-ci ildə Koreya Xalq Demokratik Respublikası bu cür hərəkətlərin ölüm cəzasına qədər cəzalandırıla biləcəyi barədə qanun qəbul edib.
www.RIA24.az