Tofiq Tağızadənin çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?

Maraqlı


Bu gün “Görüş”, “7 oğul istərəm”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Bağ mövsümü”, “Dədə Qorqud”, “Uzaq sahillərdə”, “Onun böyük urəyi”, “ Babamın babasının babası” və sair filmlərin rejissoru Tofiq Tagızadənin anadan olmasının 105 illiyidir. 40 ildən artıq müddətdə Azərbaycan kinosunun inkişafına mühüm töhfələr vermiş rejissor  filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan sənətkarlardandır. O, təbiətən, iliyinəcən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi. 

Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakıda anadan olub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub. Üçüncü kursda könüllü olaraq müharibəyə gedib. 1942-ci ilin sonlarında Rostov yaxınlarında yaralanaraq geri dönüb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil aldıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. “TMT” adlı özəl studiyası fəaliyyət göstərib. Çeçenistanın Əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.
 
Lent.az “Ömrün bir anı” rubrikasında böyük rejissorun ömür yolundan maraqlı xatirəni paylaşır.

“7 oğul istərəm” filminin çəkilişləri zamanı kadrlardan biri heç cür yaxşı alınmır. Filmdə kəndçi roluna çəkilən Eldəniz Zeynalov damın üstünə çıxıb bayraq asarkən güllə ilə vurulmalı və ölüb yerə yıxılmalı idi. Lakin 20-25 dəfə təkrara baxmayaraq, səhnə  alınmır. Eldəniz hər dəfə ya gülür, ya da zarafat edir. Bu hal rejissor Tofiq Tağızadəni nəhayət ki, özündən çıxarır. O, rejissor kamerasının arxasından durub Eldənizə yaxınlaşır. Yerə yıxılmış aktyorun  boğazından yapışır və özünə xas ləhcəylə “Adə, öləcəksən sən ya yox. Öl qurtar da. Bu dublda da ölməsən özüm öldürəcəm” səni deyir.

Filmdə epizodik rollardan birinə çəkilən aktyor Fazil Salayev ona 7, atlara isə 27 manat qonorar yazıldığını eşidəndə özündən çıxır. Tofiq Tağızadəyə yaxınlaşır. Həmin an rejissor bərk əsəbiymiş. Bunu bilməyən Salayev  deyir: “Tofiq müəllim, xahiş edirəm, məni filmdə at ştatına yazın. Onlar məndən çox pul alır”.

Tofiq Tağızadə onun zarafatına yarı əsəbi halda cavab verir.

“Olar. Fazil, səni güllələnən atlardan biri kimi qeyd edirəm, ilk dublda səni də öldürəcəm”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir