Alimlər laboratoriyada düyü və mal ətini “calağından” məhsul yetişdiriblər.
Tədqiqatın müəllifləri heyvan hüceyrələrinin düyüyə inteqrasiyası ilə yetişdirilən məhsulun tezliklə ekoloji təmiz qida menyularında yerini alacağına inanırlar.
Eksperimental düyü 9-11 gün ərzində yetişdirilib.
Tədqiqatın müəllifi, Cənubi Koreyanın Yonsey Universitetinin professoru Cinki Honqun sözlərinə görə, o və komandası yeni məhsulu bişirib dadına da baxıblar:
“Bişdikdən sonra düyü öz görünüşünü saxlayır, lakin ətə xas olan unikal aroma kombinasiyasını əldə edir”.
Tədqiqatın müəllifləri hesab edirlər ki, bu yemək gələcəkdə ənənəvi mal ətindən daha əlverişli protein mənbəyinə çevrilə bilər.
Komanda yeni düyünü fərqli əlavələrlə sınaqdan keçirib və onun müxtəlif yeməklərlə yaxşı uyğunlaşdığını bildirib.
Yeni düyü əsasən karbohidratlardan ibarətdir, daha az nisbətdə protein, yağ, vitamin və minerallar var.
Müəlliflər qeyd edirlər ki, heyvan hüceyrələrinin düyüyə inteqrasiyası yetərli qida tədarükü təmin edə bilər.
Laboratoriyada yetişdirilən düyü, yumşaq və ya yapışqan ənənəvi düyüdən daha kövrəkdir. O, həmçinin səkkiz faiz daha çox protein və yeddi faiz daha çox yağ ehtiva edir.
Qeyd edək ki, tədqiqatçıların işi müstəqil ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.
Mənbə: Focus.ua
www.RIA24.az