Birləşmiş Ərəb Əmirliklərində musiqi alətləri mağazasında pianoda Azərbaycan musiqisi ifa edən soydaşımızın videogörüntüləri sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Videonu izləyən hər kəs xanımın gözəl ifasına heyran olduğunu deyib. Çoxları onun xaricdə yaşadığını zənn edib, Azərbaycan musiqisini təbliğ etdiyi üçün ona çoxsaylı təşəkkürlər ünvanlayıblar.
Oxu.Az-ın əməkdaşı ifası ilə könülləri fəth edən pianoçu, konsertmeyster Gülnarə Teymurzadə ilə əlaqə saxlayıb. İfaçı maraqlı görüntülərin necə ərsəyə gəldiyi, harada yaşadığı və işlədiyi barədə Oxu.Az-a müsahibəsində danışıb. Onunla videomüsahibəni təqdim edirik:
– Gülnarə xanım, BƏƏ-yə qastrol səfəri idi, yoxsa istirahət üçün getmişdiniz?
– Xeyr, yaxın bir neçə insanla bərabər istirahət məqsədilə səfər etmişdim. Elə mağazaları gəzərkən musiqi alətləri satılan yer gördük. Daxil olub pianolara baxdıq.
– Bəs bu ifa necə yarandı, onlar təklif etdilər?
– Xeyr, heç düşünmürdüm ifa etməyi. Mağaza sahibi dedi ki, daha gözəl pianosu var və bizim yanımızda onu qutusundan çıxardı. Yoldaşlar dedilər ki, piano köklənməmiş ifa etmək olmaz. Təsadüfən piano heç istifadə edilməmiş olsa da, köklənmiş idi. Barmaqlarım qeyri-ixtiyari bu parçanı ifa etdi. Mağaza sahibi, oradan keçən turistlər musiqinin səsinə başımıza toplaşdılar.
Həmin vaxt yanımda olan tələbəm ifamı videoya çəkdi. Sosial şəbəkədə isə bir başqa şəxs paylaşıb. Heç ağlıma da gəlməzdi ki, belə maraq doğurar. Hər kəsə xoş sözlərinə görə təşəkkür edirəm.
– Musiqiyə özünüzün marağınız olub, yoxsa valideynləriniz yönləndiriblər?
– Atam tanınmış tarzən olub. Mən həmişə ona heyranlıqla baxmışam. Məktəbdən evə gələndə onun tarda ifa etməsini gözləyirdim ki, saatlarla dinləyim. Mən simli alətlərə də maraq göstərmişəm, xüsusilə də skripkaya. Lakin atam simli alətlərdə ifa etməyin çox çətin olduğunu deyirdi və mənə pianoda çalmağı öyrənməyi tövsiyə etdi.
Atam zəhmətkeş insan idi. Lakin bizim o vaxt piano almağa pulumuz yox idi. Bu səbəbdən də mən musiqi təhsilimə bir qədər gec – 10 yaşımdan başladım. Ömür boyu da atama minnətdar olacağam ki, o məni yorulmağa, yolu yarıda qoymağa imkan vermədi.
Ətraflı videomüsahibədə:
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
www.RIA24.az