
Bakı. Trend:
Uruqvaylı alimlər iştahı azaltmadan və fiziki fəaliyyət olmadan
arıqlamağa kömək edən unikal SANA həbinin klinik sınaqlarının
birinci mərhələsinin başa çatdığını bildiriblər.
Trend xəbər
verir ki, tədqiqatın nəticələri “Nature Metabolism” jurnalında dərc
olunub.
SANA — yağ hüceyrələrini kalori yandırmağa yönəldən və bunu
kreatin mübadiləsinin xüsusi yolunu aktivləşdirərək, həyata keçirən
dünyada ilk həbdir. Ənənəvi arıqlama vasitələrindən fərqli olaraq,
bu preparat iştahı azaltmır, əksinə, daxili istilik istehsalını
(termogenezi) artırır — yağ hüceyrələri istirahət vəziyyətində belə
daha çox enerji sərf etməyə başlayır.
Sınaqlarda 44 könüllü iştirak edib. İki həftə ərzində yüksək
dozalarda qəbul edilən dərman bədən çəkisini orta hesabla 3 faiz
azaldıb. Bu zaman əzələ toxuması zərər görməyib, qlükoza səviyyəsi
və insulinə həssaslıq göstəriciləri isə yaxşılaşıb. Heç bir ciddi
yan təsir və ya iştahda dəyişiklik müşahidə olunmayıb.
Növbəti mərhələdə preparat 2-ci tip diabet xəstələrinin iştirakı
ilə genişmiqyaslı sınaqlardan keçiriləcək. Bu mərhələyə 2025-ci
ilin sonunda start veriləcək.