Beynindən qəlpə keçən doqquz yaşlı ukraynalı qız möcüzəvi şəkildə sağ qalıb. O, Nikolayev şəhərinin Rusiya ordusu tərəfindən atəşə tutulması zamanı yaralanmışdı. Bombardman başlayan zaman ana Nina Vavrinyuk qızı Sofiyanı öz bədəni ilə örtsə də, sursatın fraqmentləri uşağın başına dəyib.
“Hər şey bitəndə bacım başını qaldırdı və qəfildən qışqırdı: “Bu nədir?” Sofiyanın başından çeşmə kimi qan axırdı. Hamımız vahimə içində, şokdaydıq. Qanı dayandırmaq üçün əlimlə onun başını tutdum”, – deyə qadın baş verən dəhşəti xatırlayır.
Xoşbəxtlikdən, xəstəxana çox yaxınlıqda olub. Sofiya dərhal xəstəxanaya çatdırılıb. Uşaq iki gün komada qaldıqdan sonra ayılıb, buradan isə Lvova təxliyə edilib və orada əməliyyat olunub.
Həkimlər onun beynindən qəlpəni çıxarıblar, kəllə sümüyünün zədələnmiş hissəsi isə titan lövhə ilə örtülüb. Gələcəkdə Sofiyanı uzun bir reabilitasiya gözləyir.
Hazırda uşaq yenidən hərəkət etməyi öyrənir və danışmağa başlayır.
“Sağ gözünü bir az qıyır, sol gözü yaxşı görmür. Sağ qulağı yaxşı eşitmir, sağ əlini yaxşı qaldırmır… və yavaş-yavaş yeriməyi öyrənirik, məşq edirik”, – deyə Nina Vavrinyuk bildirib.
Anasının köməyi ilə qız motor aparatını inkişaf etdirir, şəkil çəkir, mahnı oxuyur, oyuncaq pişiklə oynayır. Bundan başqa, onunla psixoloq da işləyir.
“Belə vəziyyətlərdə xəstələrin çoxu ümumiyyətlə sağ qalmır və yaşadıqları təqdirdə onların xarici dünya ilə rabitələri itir. Onun sağ qolunda və sağ ayağında bir qədər zəiflik var, lakin aldığı zədə ilə müqayisədə bu, həqiqətən də, möcüzədir”, – xəstəxananın neyrocərrahiyyə şöbəsinin müdiri Mixail Lovqa bildirib.
Mənbə: “Pavel Gerashchenko” “Telegram” kanalı
www.RIA24.az